"Bu, kifayət qədər ciddi məsələdir. Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsi səhnəsi ilə bağlı danışarkən deyib. Ötən ilin iyulunda yüzlərlə radikal erməni daşnaklarının Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirdiklərini xatırladan Leyla Abdullayeva nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsinin böyük təəssüf və təəccüb doğurduğunu bildirib. "Məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaq"- deyə XİN rəsmisi əlavə edib.
- Baxış: 266