• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 10.04.2021 21:02

Bakıdakı oyunlara azarkeşlər buraxılacaq

KepezTV Player

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək 4 oyununda tribunalara azarkeşlər buraxılacaq. Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında futbolsevərlərin lehinə qərar verilib. Oyunların hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Verilən qərara müsbət yanaşma ortaya qoyan millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov qitə çempionatının final oyunlarının Bakıda azarkeşlərlə keçirilməsinin turizm sahəsindəki durğunluğa da təsir edəcəyini bildirib.

Avropa Çempionatının Bakıda azarkeşlərin iştirakı ilə təşkili xəbəri futbol veteranı Vahid Abbasovu da sevindirib. Gəncə futbolunun öndə gedən simalarından olan əməkdar məşqçi bu yarışa ev sahibliyin gələcəkdə ölkəmizdə futbolun inkişafına töhfə verəcəyini vurğulayıb.

Şübhəsiz ki, oyunlar zamanı arenaya azarkeşlərin buraxılması ilk növbədə futbolsevərlərin ürəyincə olub. Fanatlar bir ildən çoxdur ki, tribunalara həsrət qalıblar.

Qərar çıxarılarkən UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınıb. Azarkeşlər isə stadiona koronavirusla bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə buraxılacaqlar.

Təqvimə əsasən, BOS A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. UEFA Bakıdakı matçlar üçün qiymətləri 30, 75 və 125 avro məbləğində müəyyənləşdirib.