Su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən belə deyib. Vurğulayıb ki, bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar dəstəklənəcək.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Eyni zamanda, sizn qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir. Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz.
Dövlət başçısı azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlı məsələdən də danışıb. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb deyən prezident bildirib ki, indi təhlil aparılmalıdır. Təmirə ehtiyac varsa, bu işlərə baxılmalıdır ki, vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.
- Baxış: 286