Göygöldə yaz əkinlərinin suvarılmasını vaxtında təmin etmək üçün qabaqlayıcı tədbirlər görülür. Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları arx və kanalları lildən təmizləyir, cari təmir işləri aparırlar. Yazda yağış sularının fəsad törətməməsi üçün çay məcraları da təmizlənir.
Göygöldə torpaq mülkiyyətçilərinin suvarma sarıdan çətinlik çəkmələləri üçün Rayon Suvarma Sistemləri İdarəsi tədbirlərə ilin əvvəlindən başlayıb. Melioratorlar yaz əkinlərinin suvarılmasının vaxtında həyata keçirilməsi, su itkisinin qarşısının alınması istiqamətində işləri davam etdirirlər. İndiyədək 752 min kubmetr ərazi lildən təmizlənib, sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay, Qoşqar çaylarının məcralarında müvafiq tədbirlər görülür. Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxlarının, eləcə də kanalların dəhnələri şitlər, beton bloklar, həmçinin digər vasitələrlə möhkəmləndirilir.
Rəşid Vəliyev Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: Hazırda Çaylıda, Dozular, Pənahlılar arxında işlər gedir. Bizim Gəncəçayın üzərində platina var, orada bu dəqiqə selə qarşı işlər gedir. Çünki yaz gələndə selin qarşısını almaq üçün bütün texnikamız işləyir. Xan və Ərəbli arxı Gəncə çayından götürülür və onlar lildən də təmizlənir, dağılan yerlər bərpa olunur. Sahələr çoxdu, gərək biz camaatı suyla təmin edək. Hələki şikayət yoxdur, təminat da yaxşdır.
Cavanşir Musayev sakin: Mən Göygöl rayonun Üçtəpə kəndində yaşayıram. Suvarmadan istifadə edirik, kanalımızı da bərpa ediblər. Təmizlənib, çox gözəl şəraitdədir. Su da yaxşıdır, Xanarxı Üçtəpə kəndindən keçir, sağ olsunlar.
Rayon ərazisində 242 subartezian quyusunda cari, 5-ində isə əsaslı təmir işləri də aparılıb. Bununla paralel olaraq, yeni 10 subartezian quyusu qazılaraq hazır vəziyyətə gətirilib.
Rəşid Vəliyev Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: Yanvar ayının 5-dən bu artezian vurulub və indi beton tökülməyə hazırlanıbdır. Bu artezian 40 ha ərazini su ilə təmin edəcəkdir. Bundan başqa Çaylıda yeni boru da çəkilir və bu da qurtarır. Həmçinin Çaylı nasosstansiyasını yaza görə təmir edirik. Orada 4 km uzunluqda boru var və orada da 380 ha-ya qədər taxıl əkilib, o nasos ora su verir. Bu il şükür suyumuzda var, problem də olmayacaqdır.
Ümumilikdə Göygöl Suvarma Sistemləri İdarəsi rayonun əkinəyararlı 12 min 626 hektar torpaq sahəsinə xidmət edir. Rayonda əkin sahələrini suvarmaq üçün 269 subartezian quyusundan, 10 su-nasos stansiyasından və Şəmkir kanalından istifadə olunur. Nasos stansiyaları öz suyunu Gəncəçay, Kürəkçay və Qoşqarçaydan götürür.
Elnur Vahidoğlu
- Baxış: 347