Bakıda küləkli hava bədbəxt hadisəylə nəticələnib. 28 May metrostansiyası yaxınlığında 34 yaşlı Şəfəqbir Namətovanın başına dəmir parçası düşüb. Nəticədə qadın hadisə yerində keçinib. Məlumata görə, ətrafda tikinti prosesi gedir. Dəmir parçasının da küləyin təsirindən həmin istiqamətdən qadının üzərinə düşdüyü ehtimal olunur.
Güclü külək Bakının müxtəlif ərazilərində fəsadlara yol açıb. Küləyin təsirindən hərəkətdə olan yük maşını aşıb. Bəzi yerlərdə ağaclar kökündən qoparaq avtomobillərin üzərinə düşüb, evlərin, binaların dam örtükləri yararsız hala düşüb. 278 və 319 saylı tam orta məktəblərin də dam örtüyünün bir hissəsi uçub. Külək Binə və Yeni Binə qəsəbələrində, 1-ci Mədən ərazisində qaz xətlərini yararsız vəziyyətə salıb. Daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
- Baxış: 392