• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 03.03.2021 19:29

Təhlükəsiz bayram sevincini birlikdə yaşayaq

KepezTV Player

Xalqımızın ən qədim, müqəddəs bayramlarından olan Novruzun müjdəçilərindən Od çərşənbəsini də yola saldıq. Çərşənbənin ən gözəl adətlərindən olan tonqal qalandı, yazın gəlişi, təbiətin oyanışı bayram edildi. Lakin şəhərin müxtəlif ərazilərində yandırılan tonqallardan sonra bəzi yerlərdə mənzərə dəyişdi. Əməkdaşımız Elnur Vahidoğlu bu barədə danışacaq, bayram tonqallarının yarada biləcəyi təhlükələrdən söz açacaq.

Bura şəhərin Yeni Gəncə yaşayış massivi, bina 20, 21-in qarşısıdır. Bu binanın sakinləri də ötən gün od çərşənbəsində tonqal yandırdı. Lakin tonqal binanın qarşısında olan işıq dirəyinin, eləcə də ağacın altında yandırılıb. Bu isə insan həyatı üçün, eləcə də ekologiya üçün böyük təhlükədir.

Düzdür, heç kəs təhlükədən, qəfil problemdən sığortalanmayıb. Amma bəzən təhlükəni özümüz bilə-bilə yaradırıq. Məsələn, elə bayram tonqallarını münasib olmayan yerdə yandırmaqla. Bayram sevincini yaşayarkən özümüzün və ətrafımızdakıların təhlükəsizliyini nəzərə almağımız da vacib məqamlardandır.

Bahar bu il ölkəmizə martın 20-də qədəm qoyacaq. Qarşıda təm-təraqla qeyd edəcəyimiz daha iki çərşənbəmiz var. Odur ki, yandıracağımız bayram tonqallarının özümüzə, təbiətə zərər vurmamasına diqqət yetirməli, təhlükəsizlik qaydalarına maksimum əməl etməliyik.

Elnur Vahidoğlu