• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 23.02.2021 11:10

Apple 6G texnologiyasının yaradılması üçün mühəndislərin axtarışına başlayıb

Fevral ayının ortasında Apple şirkəti naqilsiz sistemlər üzrə mühəndislərin və tədqiqatçıların axtarışı vakansiyalarını yerləşdirmişdi. Vakansiyalarda qeyd edilib ki, mühəndislər Apple məhsullarının gələcəklərinə dərin təsir göstərəcək yeni nəsil texnologiyanın yaradılmasında iştirak edəcəklər. Onlar həmçinin 6G texnologiyasına həsr edilmiş akademik və sənaye forumlarında iştirak edəcəklər. Vakansiya üzrə axtarılan şəxslər Apple şirkətinin San Dieqo və Silikon Vadisindəki ofisləri üçün lazımdır. Məhz həmin ofislərdə şirkət naqilsiz texnologiyaların yaradılması və mikrosxemlərin dizaynları ilə məşğul olur.

Bu barədə Bloomberg saytı xəbər verib. Vakansiyalardan belə qənaətə gəlmək olar ki, Apple şirkəti 6G texnologiyasının müxtəlif yaradılma mərhələlərində iştirak etməyi planlaşdırır. 6G texnologiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin mütəxəssislərin sözlərinə əsasən bu, 2030-cu ildən tez baş verməyəcək. Keçən ilin noyabr ayında Apple şirkəti Next G Alliance adlı alyansa qoşulmuşdu. Bu, 6G texnologiyası üçün standartların və digər nəsil texnologiyaların yaradılması ilə məşğul olan şirkətləri bir araya gətirən alyansdır.

Sözügedən alyansda IntelGoogleHP və digər şirkətlər mövcuddurlar. 6G üçün standartlar hələ dəqiq təyin edilməsə də analitiklərin sözlərinə əsasən onun sürəti 5G-dən 100 dəfə yüksək olacaq. Hal hazırda Apple üçün 5G modemlərin istehsalı ilə Qualcomm şirkəti məşğul olur. 2019-cu ildə bu şirkətlər 6 illik əməkdaşlıq müqaviləsi bağlamışdılar. Lakin keçən ilin dekabr ayında Bloomberg bildirmişdi ki, Apple öz smartfonları üçün fərdi modem üzərində çalışır və o, Qualcomm-un modemlərini əvəz etməlidir. Bu layihə üzərində 2019-cu ildə Intel-dən Apple şirkətinə keçid etmiş mühəndislər çalışırlar.