Bəli, əməkdaşımızın da qeyd etdiyi kimi, ictimai iaşə obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunması vəziyyətini Qida Təhlükəsizliyi Agentliyi daim nəzarətdə saxlayır. Bu dəfə Tovuzda reyd keçirilib. Agentliyin Tovuz regional bölməsinin təşkil etdiyi nəzarət tədbiri zamanı nöqsanlar aşkarlanıb.
Koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə keçirilən reyd zamanı bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunub.
AQTA tərəfindən paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Qurumdan xəbərdarlıq olunub ki, qaydalara əməl etməyən sahibkarlıq subyektləri barəsində ən sərt tədbirlər görüləcək. Ölkəmizdə xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri virusun yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
- Baxış: 237