• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 13.02.2021 19:40

Doğma kəndə 29 il sonrakı qayıdış...

KepezTV Player

İllər dönür, zaman ötür, haqq-ədalət gec də olsa bərqərar olur. Biz illərlə Qarabağa ədalət istədik, amma dünya haqq səsimizi duymadı. Belə olanda isə ədaləti bərpa etmək vəzifəsini özümüz öhdəmizə götürdük. Rəşadətli Azərbaycan Ordusu müzəffər ali baş komandanın rəhbərliyi altında qədim-qayım torpaqları yenidən öz tarixi sahiblərinə qaytardı. İllər öncə evindən ayrı düşən sakinlər indi 44 günlük Vətən müharibəsindəki qələbə sayəsində əzəli yurdlarına geri dönürlər.

Xocavəndin dağların ətəyində yerləşən qədim Salakətin kəndi...Tək-tük evlərin uçuq-sökük divarları qalan bu yer indi xarabalığı xatırladır. Halbuki bir zamanlar burada tikilişi ilə fərqlənən evlər, qədim Alban məbədi var idi. İnsan illərlə yaşadığı evi satıb daha yaxşı mənzil alanda belə, köhnə qonşuları, köhnə yuvası üçün darıxır. Hətta daha yaxşısı da hər qarışında xatirə yatan köhnələri unutdurmur. Bunu evlərindən didərgin salınan azərbaycanlılar hər kəsdən daha yaxşı bilirlər. 29 il öncə evindən didərgin salınan kənd sakiniylə elə evinin önündə dayanıb bu xatirələri yada saldıq...

Salakətin kəndinin adı mənaca da maraq doğurur. Sala – sıra dağlardan ayrılan qol, tin – isə düşərgə mənasını verir. Yəni, sıra dağlardan ayrılan qol üzərində məskən. Bu məskəndə yaşı 2 əsrə bərabər evlər olub. 276 sakinin yaşadığı kənddə evlərdən qalan bu divarlar erməni vəhşiliyinin şahididir. Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsi bu kənd sakinlərini də özlərinə, yurdlarına qovuşdurdu. Kənd 9 noyabr 2020-ci ildə düşmən tapdağından azad edildi.

- 29 il 4 ay doğma sakinlərin yolunu gözləyən kəndlə sağollaşırıq. Yenidən qayıtmaq ümidi ilə...

Ruhəngiz Hacızadə