Paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr” meydanında yerləşən geyim mağazalarından birinə alıcı kimi gələn şəxsin çantasından oğurluq edilib. Bu barədə Sabail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən zərərçəkən həyat yoldaşının çantasından 800 manat pulun oğurlandığını bildirib. Həmçinin özünün də mağazanın paltardəyişmə otağında olan zaman gödəkcəsini saxlamaq üçün azyaşlı övladına verdiyini və həmin gödəkcənin də cibindən içərisində bank kartları və sənədlər olan pul qabının oğurlandığını qeyd edib. Daha sonra oğurluq edən şəxslər kartlardan birindən 200 manat pul çıxara biliblər. Dərhal araşdırmalara başlanılıb. Ərazidə və mağazada olan təhlükəsizlik kameralarındakı görüntülərə baxış keçirilib. “İsti” izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əvvəllər dəfələrlə məhkum olunmuşlar Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasov saxlanılıblar. Onların Səbail rayonunda Rəsulzadə küçəsində yerləşən kofe evində olan bir müştərinin də pul kisəsini oğurladıqları məlum olub. Dəstə üzvlərinin bu cinayəti də müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
- Baxış: 812