Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Türkiyədən alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi media nümayəndələrinə təqdim edilib. Mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun arsenalına qəbul olunan hərbi texnikaların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün beynəlxalq kurslar təşkil edilib. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara müvafiq sertifikatlar təqdim edilib.
Türkiyədən gətirilən minatəmizləmə texnikaları yaxın zamanlarda azad olunmuş ərazilərdə istifadəyə veriləcək. Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi, general-mayor Anar Kərimov deyib ki, mühəndis qoşunlarında mühəndis-istehkam bölmələrində 10 günlük hazırlıq-tədris proqramında istehsalçı şirkətin nümayəndələri ilə birlikdə texnikanın işlədilməsi, istismarı və qulluğu tam şəkildə öyrədilib. Bu cür texnikadan ümumilikdə 20 ədəd alınıb.
- Baxış: 342