• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 28.01.2021 16:32

Şəhidlərin ölməz xatirəsi daim uca tutulur

KepezTV Player

Şəhid ailələri, qazilərin qayğıları, problemləri dövlətin diqqət mərkəzində saxladığı vacib məsələdir. Gəncədə şəhid olan həmyerlilərimizin xatirəsini əbədiləşdirmək üçün salınan şəhidlər xiyabanı da deyilənlərin daha bir təsdiqidir.

Torpaq uğrunda ölən varsa vətəndir. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban edərək torpağı vətən edənlərin xatirəsinin əbədiləşdirilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsində şərəfli zəfər tarixi yazaraq bizi qürurlandıranlar da, onların ailələri də dövlətin xüsusi önəm verdiyi kəslərdir.

Şəhidlər ölməz vətən bölünməz. Gördüyün bu şəhidimiz Azər Kərimov birinici Qarabağ müharibəsində şəhid oldu. Digər şəhidimiz Ramal Qasımov isə vətən müharibəsində şəhid oldu. Hər iki şəhidin bir istəyi, bir amalı var idi. Qarabağımız işğaldan azad olunsun. Bu gün şəhidlərimizin istəyi yerinə yetib. Torpaqlarımız işğaldan azad olunub.

Gəncədən birinci Qarabağ döyüşlərində  372 şəhid, Vətən müharibəsi dövründə isə 120-dən çox şəhid öz qanları və canları ilə zəfər tariximizə öz adalarını yazıblar.

Şəmistan Nağıyev şəhidin dayısı: Hacı Rauf həmişə vətənpərvərlik, dövlətçilik, mərdlik uğrunda mübarizə aparmış və son məqamda da şəhidlik zirvəsinə yüksəlmişdi. Hacı Rauf şəhid olandan sonra biz ailələri dövlət qayğıları ilə həmişə təmin olunmuşuq. Onun qəbri dövlət tərəfindən götürülüb. Bu gün də ailəmiz mütamadi olaraq diqqət mərkəzindədir. On görədə dövlət rəhbərinə öz minnətdarlğımızı bildiririk.

Pərviz Orucov qazi: Döyüş bölgəsində yaralandığım halda Hacı Rauf məni xilas elədi. Hacı Rauf öz canını əsgərlərinə, öz vətəninə, torpağına fəda elədi. Sağ olsun dövlət başçımız, ali baş komandan minnətdarıq.

Anar Bürcəliyev şəhidin əmisi: Bu 44 günlük vətən müharibəsi getdiyi bir vaxtda da eləcədə onnan sonrada hər zaman dövlətimiz tərəfindən xüsusi ilə ali baş komandan tərəfindən və onun göstərişi ilə yerli icra hakimiyyəti tərəfindən diqqət, qayğı ilə əhatə olunmuşuq. Hər zaman biz şəhid ailələrinin yanında olublar. Hər zaman bizlərlər görüşürlər. Problemlərimizi dinləyirlər, çətinliklərimizi dinləyirlər, lazım olanda bunların həllində yaxından kömək edirlər.

Kifayət Seyidzadə şəhidin anası:Çox sağ olsun dövlətimiz, ali baş komandanımız yaxşı qayğı göstərir. Tez-tez bizi gəlib yoxlayırlar. Şəhidlərə çox böyük hörmət edirlər.Mirhüseyn balam 3 medalla təltif olunub. Şəhidlərin üstü hamısı dövlət tərəfindən eyni qaydada götürülüb. Sağ olsunlar.

Şəhidlərin uyuduğu bu xiyaban Gəncə sakinlərinin and yeri, ziyarət yeridir. Xiyabanın ərazisi 1000 kvadratmetrə yaxındır. Burada hündürlüyü 18 metr olan Gəncə şəhidlərinin xatirəsinə abidə kompleksi və bayraq dirəyi ucaldılıb. Şəhid məzarlarından 49-u naməlumdur.

Emil Bağırov Gəncə şəhər 4 saylı qəbiristanlığın müdiri: Şəhidlərin qəbirlərinin məzarlarının hamısı dövlət tərəfindən götürülür. Hər gün onlara nəzarət olunur. Şəhidlərin qəbirlərinin üstünün təmizlənməsi hamısı bizim işçilər tərəfindən təşkil olunur. Hətta mühafizəsi də bizim işçilər tərəfindən həyata keçilir. Hər gün şəhidlərin məzarına qulluq olunur. Bu işlər mütamadi olaraq davam edilir.

Qarabağ müharibəsində Gəncədən itkin düşən şəxslərin adları da əbədiləşdirilib. Belə ki, şəhidlər xiyabanının girişində gördüyünüz bu qaydada hər bir itgin düşən şəxsin adı yazılıb. Ümumilikdə Qarabağ müharibəsində 90-dan artıq şəxs itgin düşüb.

Şəhidlər heç zaman ölmür, onlar əbədi yaşıyır. İstər indiki nəsil, istərsə də gələcək nəsil bu şəhidlərimizi daim anacaq və onların qəhrəmanlığını unutmayacaq. Çünki onlar bütöv Azərbaycanımız üçün, bizlər üçün vuruşaraq şəhadətə ucalıblar. Şəhadətləri mübarək.

Elnur Vahidoğlu