Hakim də, həkim də, hər kim olur olsun o da, vətənin dar günündə bir istək altında dəmir yumruq kimi düşmənə qarşı birləşməli, vətənin müdafiəsinə hazır olmalıdır. 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan Taleh Məmmədov kimi. 35 yaşlı baş leytenant könüllü yazıldığı ordu sıralarından doğum günündə təxris olunaraq evə dönüb.
Vətənin müdafiəsinə həmişə hazır olan Taleh Məmmədov müharibə başlayanda hakim formasını hərbi mundirə dəyişib. 14 il müxtəlif yaş qrupları üzrə liqalarda və I Divizionda hakimlik edən Məmmədov döyüşlərin başladığı ilk günlərdən futbol meydanını döyüş meydanına dəyişib. Qarabağda haqq mübarizəmiz başlayanda peşəsi ikinci plana düşüb və cəbhədə əlinə silah alaraq bölük komandiri kimi düşmən qarşısına keçib.
Bir zabit kimi döyüş əməliyyatları haqda danışmağı xoşlamayan, sirr verməyən baş leytenant müharibənin zəfərlə başa çatmasının xoşbəxtliyini yaşayır. Sevincli olduğunu, möhtəşəm qələbəylə qürur duyduğunu bildirir.
Taleh Məmmədov hakimliklə yanaşı, Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyyə müəllim kimi də çalışır. Gənc nəslin vətənpərvər ruhda sağlam böyüməsi, tərbiyə olunması işinin əsas istiqamətlərindən biridir.
- Baxış: 1438