• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 07.01.2021 16:01

Keçmiş köçkünlər üçün evlər azad edilmiş torpaqlarda inşa ediləcək

KepezTV Player

“Gəncədə yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib”. Bunu 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyən Prezident İlham Əliyev vurğulayıb ki, evlər yenidən tikilməlidir, amma həmin yerlərdə yox. Həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Eyni zamanda, şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır. Bunu heç kim heç vaxt unutmasın deyə. Ərazilərin minalardan təmizlənməsi əməliyyatlarına gəlincə, dövlət başçısı ANAMA-nın yenidən təşkili ilə bağlı göstəriş verib. Qeyd edib ki, yeni yaradılacaq qurum ən müasir texnika ilə təchiz edilməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Dövlət başçısı vurğulayıb ki, bundan sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda inşa ediləcək.

İlham Əliyev Azərbaycan Prezidenti: Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. ... Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır.