• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 05.01.2021 20:22

2021-ci il "Nizami Gəncəvi ili" elan edilib

KepezTV Player

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdən biri. Bu il anadan olmasının 880 illiyi tamam olur dahi Nizaminin. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alan prezident İlham Əliyev 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini qərara alıb.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb yaradıb. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz bu şəhərdə ərsəyə gətirib. Şairə geniş şöhrət gətirən “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyan Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub.

Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb. Əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Şairin 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. Dahi mütəfəkkirin 880 illik yubileyinin keçirilməsi də nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilən parlaq irsinin əsrlərdən bəri dünya mədəni xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamasından irəli gəlir.