• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2237
— 05.01.2021 20:19

Prezident Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib

KepezTV Player

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilərək Mədəniyyət naziri təyin olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncanlar imzalayıb. Dövlət başçısı Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Azərbaycanın zəngin musiqi sənətindən, təkrarolunmaz aşıq sənətindən, haqlı olaraq fəxr edə biləcəyi xalçaçılıq sənətindən bəhs edən Prezident İlham Əliyev memarlıq əsərlərimizin dünya səviyyəsində məşhurluğundan söz açıb. Dini abidələrimizin qorunduğunu və qorunacağını diqqətə çatdırıb. Qeyd edib ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir. Artıq operativ qərargaha bu məsələ ilə bağlı göstəriş verilib. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsü təqdim edilməlidir. Dövlət başçısı tapşırıq verib ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq.

Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. ... Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri.

Füzulidə beynəlxalq aeroport tikiləcək

Xarici qonaqların Şuşaya səfər etməsi üçün imkanlar da yaradılıb. Dövlət başçısı Füzulidə beynəlxalq aeroportun tikilməsi ilə bağlı göstəriş verildiyini açıqlayıb. Hazırda yerlər seçilir,  minalardan təmizləmə işləri aparılacaq.

Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır.

Azərbaycan UNESCO ilə bundan sonra da əməkdaşlığa hazırdır

UNESCO-Azərbaycan əlaqələrinə də toxunan Prezident İlham Əliyev qeyd edib ki, iki il əvvəl təşkilatın yeni rəhbərliyinə "İşğal edilmiş torpaqlara missiya göndərmək barədə təklif verilib. Lakin o vaxt  "biz məsələni siyasiləşdirmək istəmirik deyənlər indi məsələni siyasiləşdirmək fikrinə düşüblər. Amma Azərbaycan UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırdır. bir şərtlə: UNESCO öz beynəlxalq statusunu saxlasın.

UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır.Onu da bildirməliyəm ki, bizim dəvətimizlə yanvar ayında ICESCO-nun missiyası Azərbaycana gələcək və burada görüşlər olacaq. Mən hesab edirəm ki, onlar azad edilmiş torpaqlara da getməlidirlər. Ondan sonra ekspertlər qrupu gəlməlidir. Müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı onlar missiya həyata keçirməlidirlər və öz hesabatında bunu əks etdirməlidirlər. Əlbəttə, bütün təhlükəsizlik tədbirlərini nəzərə almaq şərti ilə maksimum imkan yaradaq. Çünki o bölgələrdə hələ ki, minalar kifayət qədər çoxdur və təhlükəsizlik tədbirləri mütləq təmin edilməlidir.

Mədəniyyət Nazirliyinin əsas vəzifələri

Dövlət başçısı mədəni irsimizin qorunub saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır.