• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 31.12.2020 20:32

Milli maraqlara cavab verən siyasi kurs

KepezTV Player

Düşünülmüş siyasət olan yerdə inkişaf da var, milli maraqların qorunmasına xidmət edən müstəqil strateji kurs da. Bu il də istisna olmadı.

Regionda güc mərkəzinə çevrilən Azərbaycan güclü siyasi iradə nəticəsində beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan xalqının mənafeyi hər şeydən üstün tutularaq heç bir xarici qüvvənin diktəsinin bu amala təsir göstərmədiyi bir daha isbatlandı.

Milli güc beynəlxalq arenada həlledici amildir

Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasından böyük dərəcədə asııdır. Reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunması, iqtisadi inkişafın davamlılığının təmin edilməsi Azərbaycanda hədəflənən məqsədlərə nail olunmasını şərtləndirir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-iqtisadi sabitlik təmin olunub. Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ili ərzində nəzərdə tutulan məsələlərin həlli  iqtisadi və sosial nailiyyətlərin qazanılmasına əsas yaradıb.

Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafını, real vəziyyətini və perspektivlərini daim diqqətdə saxlaması, hətta koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə şəhər və rayonlara edilən səfərlər bu gün regionların simasının köklü surətdə dəyişməsi, inkişafı, tərəqqisi yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Dövlət başçısı vəziyyətlə yerindəcə tanış olur, vətəndaşlarla görüşüb, onların güzaranı, həyat səviyyəsi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir.

Ölkənin gəlir gətirən əsas sahəsi olan neft-qaz sektorunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı, “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulması, “Qarabağ” yatağının dayaq blokunun quraşdırılması ixrac üçün böyük həcm yaradacaq, şaxələnməyə şəbəb olmaqla gəlir mənbələrini artıracaq.

Bakıda Yüksək Səviyyəli Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısı isə siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyət, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, enerji və nəqliyyat məsələlərini əhatə etməklə əməkdaşlığın çoxvektorluluğundan xəbər verir.

Ölkəmizin uğurlu xarici siyasət xətti 2020-ci ildə də davam etdirilib. Dövlət başçısı tərəfindən diplomatiyamız qarşısında duran prioritet vəzifələr planlı və ardıcıl surətdə həyata keçirilib. Dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Bu baxımdan Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiya və xarici siyasət Zəfər ilində də nailiyyətlərlə yadda qalıb.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Ölkə rəhbərinin  Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. İqtisadi Forumda iştirak edən Azərbaycanın məqsədi dünyada gedən prosesləri izləmək, o cümlədən Azərbaycandakı prosesləri bölgədə marağı olan iştirakçılara çatdırmaqdan ibarətdir.

Münhen Təhlükəsizlik Konfransının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan üzərində qəti və inandırıcı intellektual, nəzəri-tarixi qələbəsi ilə tarixə düşdü.

 Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri, habelə səfər çərçivəsində imzalanan Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə ikitərəfli sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana bu ilin martında rəsmi səfəri və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə geniş imkanlar açacaq. Tərəflər əməkdaşlığın strateji xarakterini təsdiq edərək dünyaya yaxın dostluğun bir daha nümunəsini göstəriblər.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun apreldə Bakıda keçirilən Zirvə görüşü Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə dünyanı cənginə alan koronavirusa qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlığı möhkəmləndirməyə çağırışla yadda qaldı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə də koronavirus pandemiyası ilə mübarizə diqqət mərkəzində oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilən dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi isə dünya miqyasında Azərbaycan liderinin imzası qədər sözünün də dəstəkləndiyini nümayiş etdirdi.

BMT Baş Assambleyasının 75-ci Sessiyasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürü idi. Təbii ki, diqqət mərkəzindəki məsələ uzun illərə dayanan erməni təcavüzü idi.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və  hökumət başçılarının sammiti də Azərbaycan Prezidenti İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı. Ələxsus da Ermənistanın Baş naziri Nikol Paşinyanı növbəti dəfə aciz duruma salaraq ona bir daha tarix dərsi keçib.

MDB Dövlət Başçıları Şurasının iclasına qalib ölkənin müzəffər rəhbəri olaraq qatılan İlham Əliyev Azərbaycanın zəfərinin MDB məkanında yeni və faydalı münasibətlər sistemi formalaşdırmaqla bütün Avrasiya məkanında davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına zəmin yaratmaqla, sürətli inkişafa, çoxşahəli əməkdaşlığa töhfə verə biləcəyinə diqqət çəkib.

Milli Məclisə VI çağırış seçkilər isə bir daha ölkədə əsas niyyətin demokratik inkişafın təmin edilməsi olduğunu göstərdi. Seçki prosesi aparılan islahatlara adekvat və bütün demokratik meyarlara cavab verməklə Azərbaycanın gələcək inkişafında çox önəmli rol oynadı.

Azərbaycanda həyata keçirilən siyasi kursun milli maraqlara tam cavab verməsi mövcud olan milli həmrəyli şərtləndirir, xalq-iqtidar birliyini ifadə etməklə milli gücü beynəlxalq arenada da həlledici amilə çevirir.