• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 30.12.2020 16:06

Gülümsəyərək şəhidliyə ucalan igid

KepezTV Player

Onun bu dünyada yaşadığı ömür 25 ilə sığdı. O, ömrünün ən gözəl çağında canını Vətən yolunda sipər etdi, ömründən bu Vətən üçün pay verdi. Söhbət Gəncənin şəhid oğlu Anar Məmmədovdan gedir. Anar həm də Kəpəz Futbol Klubunun ən sadiq azarkeşlərindən idi. İndi şəhid azarkeşin qısa, amma şərəfli ömür yoluna nəzər salacağıq.

Hələ görəcək günləri, illəri çox idi onun, xəyyalları, arzuları var idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bakalavr, magistr təhsili aldı. Anar Məmmədov 25 illik ömrünə çox şey sığdırdı - vətənə sevgi, anaya qayğı, dosta, qardaşa arxa.

Aybəniz Məmmədova - şəhidin anası: Mənim oğlum 25 il ömür sürsə də biz onunla təkcə ana bala deyil, həm də yaxın dost olmuşuq. Uşaqlıqdan küçədə dava-dava oyunu oynayırdı uşaqlarla. Bu tankı da böyük oğlum düzəldib, 30 ildir ki, bizim evdədi.

Atasını erkən yaşlarda itirən Anarın qardaşı ilə arasında olan bağ daha da möhkəm olub. Qardaş ölümü bel bükər deyirlər, amma bu gün Qafar qardaşının dərdini çiynində, qürurunu isə qəlbində yaşadır.

Qafar Məmmədov - şəhidin qardaşı: İnsan heyfslənir, qəmgin olur, tək qardaşıma görə yox, onun dostlarına görə. Şəhid dostları var, qazilər üçün də heyfslənir. Amma insan onlarla fəxr edir.

Anar indi dostlarının xatirələrində yaşayacaq. Həm kövrək, həm də qürurverici xatirələrdə...

İlham Həsənov - şəhidin dostu: Anar çox yaxşı dos idi yaxşı qardaş idi.

Bir çox ərazilərin, həmçinin Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən Anar Məmmədov 8 noyabrda şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşları deyir ki, Anar onlarla birgə mühasirədə qalmasına baxmayaraq, 50-dən çox erməni hərbçisini məhv edib.

Coşqun Əsgərov - döyüş yoldaşı: Anar elə bir oğlan idiki heç vaxt döyüşdən çəkilməzdi.

Pərviz Məmmədov - döyüş yoldaşı: Bizə tapşırıq gəldi ki, Şuşa istiqamətinə gələn yol var idi həmin yolu saxlamaq lazım idi, həmin anda ermənilərin “Vilis”i gəldi, biz başladıq həmin “Vilis” ə atmağa. Anar bizdən 50 metr aralıda idi. Bilə-bilə ki, bizim mövqeyimiz vurulur, bizim taleyimizdən narahat olduğu üçün və həmin erməni komandirinin vilisini məhv etmək üçün bizim yanımızda özünə mövqe seçdi...

Elə Anar həmin döyüşdə, Qələbənin bir addımlığında mərmi qəlpəsindən yaralaması nəticəsində şəhid olur. Ölümündən sonra “Cəsur döyüşçü” “Vətən Uğrunda” və “Şuşanın Azad olunmasına görə” medalları ilə təltif edilən igidin daha bir sevgisi də var idi. Doğma komandasına olan sevgi... O, Kəpəzi könlünə sığdırmışdı.

Kəpəz harada oyun keçirsə, Anar da orada olurdu. Bakı, Qəbələ, Lənkəran... Nə məkanın, nə də zamanın fərqi var idi onun üçün. Anar Kəpəzə olan sevgisini də özü ilə birgə əbədiyyətə apardı.

Azər Məmmədov - “Kəpəz”in azarkeşi: Qələbə ilə bitən matçlarda sevgisi Kəpəz dağı qədər böyük olardı, məğlub olanda üzülsə də bildirməzdi.Çünki o, azarkeşlərin ən öndə gedənlərindən idi, Kəpəz Ultrasda olan yoldaşlarını da həmişə Anar ruhlandırırdı, gələcək qələbəyə inandırırdı.

Bəli, sevgisi Kəpəz dağı qədər uca olan Anar özü indi Kəpəz dağından da uca məqamdadır. Ruhun şad, Məkanın Cənnət olsun Vətən oğlu!