• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 24.12.2020 12:42

Şəhid ailələri ziyarət edilib

KepezTV Player

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə adını hərb tariximizə yazdıran igid hərbiçilərimizdən biri də şəhid Oruc Vəliyevdir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün silaha sarılan 26 yaşlı əsgər döyüş meydanında göstərdiyi şücayətlə, qorxmazlıqla ilk günlərdən komandirlərin böyük rəğbətini qazanıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsində olub, ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Oruc Vəliyevin Murovdağ yüksəkliyinin azad edilməsində düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışılıb. O elə bu istiqamətdə gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Əsgər Cavid Əliyev də 44 günlük vətən müharibəsində şəhid olan igidlərdəndir. Həmişə vətənə, torpağa bağlı olan Cavid Əliyev erməni işğalçılarına qarşı müharibədə əsil qəhrəmanlıq göstərib. Şəhər rəhbəri şəhidin ailəsində olub, onların qayğılarını dinləyib. Əsgər Cavid Əliyev Zəngilanın, Qubadlının və kəndlərinin azad edilməsində iştirak edib. Hərbçi yoldaşları ilə düşmənin canlı qüvvə və texnikalarını sıradan çıxarıb. Şuşa uğrunda gedən döyüşlərdə şəhid zirvəsinə ucalıb.

Qəhrəman əsgərlərdən olan Nadir Abbasquliyev də vətən müharibəsinin ilk günlərindən hərbiyə yollanıb. O, cəbhədə qorxmaz, igid hərbiçi kimi yadda qalıb. Şəhər icra hakimiyyətinin başçısı şəhidin evində olub. Onun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Nadir Abbasquliyev, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüşçü yoldaşları ilə düşmənə ağır zərbələr vurub. Qızğın gedən döyüşlərin birində şəhid olub.