• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2163
— 17.12.2020 21:34

"Ermənistan bütün dünya müsəlmanlarının hisslərini təhqir edib"

KepezTV Player

Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü mesaj göndərməlidir. Prezident İlham Əliyev Əfqanıstanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən belə deyib. Söhbət zamanı regional əməkdaşlıq məsələlərindən də bəhs edilib.

Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik - deyən dövlət başçısı ermənilər tərəfindən bütün şəhər və kəndlərimizin viran edildiyini, tarixi abidələrimizin dağıdıldığını, mədəni abidələrimizin yerlə-yeksan olunduğunu diqqətə çatdırıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır.

Səfir Amanullah Ceyhun Azərbaycanın böyük uğurlara nail olduğunu və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrildiyini deyib.

Amanullah Ceyhun Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri:Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmişəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmişəm. Yəni, Qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmişəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Çünki Azərbaycan çox önəmli bir tarix yaşayır.

Regional əməkdaşlıqdan bəhs edilib

Söhbət zamanı qeyd olunub ki, əməkdaşlığın vacib elementlərindən biri təhlükəsizlik məsələləridir. Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir.Dövlət sektoru ilə bağlı birgə işlər görülüb. “ASAN xidmət” modeli artıq Əfqanıstanda da tətbiq edilir. Regional nəqliyyat məsələlərində də irəliləyiş var. Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir.