• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 15.12.2020 16:11

19 yaşlı şəhidimiz

KepezTV Player

Əsrlər ötsə də, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. İndi şanlı vətən müharibəsinin qəhrəman şəhidlərimizdən birini tanıyacaqsınız.

Qafqazın konservatoriyası, Qarabağın incisi olan Şuşa şəhərinin Azərbaycan xalqının ürəyində yeri bir başqadır. Şuşanı igidlərimiz qanları, canları bahasına aldılar və 8 noyabr Azərbaycan tarixində zəfər günü kimi tarixə yazıldı. Həmin gün hər kəs küçələrə axışdı, sevindi, şüarlar səsləndirildi... O sevinci bizə yaşadanlar arasında, yaşı az, ürəyi geniş, 19 yaşlı Əliyev Caviddə var idi. Ürəyi genişi olmağı boşuna qeyd etmədim, çünki qəhrəman şəhid, işğal altında olan bir çox bölgələrimizin azad olunması uğrunda qəhrəmancasına vuruşub, Şuşada isə öz komandirini xilas edərkən şəhadətə yüksəlib.

Ailənin ikinci övladı olan Cavid idmana meyilli idi, bəlkə də buna görə dərslərindən hər zaman geri qalırdı.

Gəncədə boya başa çatan Cavidin, ikinci böyük şəhərə məhəbbəti başqa idi. Gəncə bir neçə dəfə mənfur ermənilər tərəfindən raket atəşinə məruz qalanda ailəsiniə zəng edərək “Gəncəmizin qisasını alırıq” deyirdi.

Hər şəhidin bir arzusu bir istəyi olur. 19 yaşlı qəhrəmanımızın da özünə məxsus istəkləri, xəyalları var idi. Əsgərlikdən qayıdıb, özünə maşın almaq, əsgərlik xatirələrini dostları ilə böluşmək və daha nələr nələr... Amma geriyə tək bir söz qalır, “Vətən sağ olsun”.

Nərgiz Əhmədqızı