• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 04.12.2020 09:10

"Pandemiya fundamental problemlərin artmasına səbəb olub"

KepezTV Player

Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. Videoformatda çıxış edən dövlət başçısı 2020-ci il ərzində dünya ictimaiyyətinin müasir tarixin ən ciddi səhiyyə böhranı ilə üzləşdiyini deyib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib və insanların yaşayışına sarsıdıcı təsir göstərib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Prezident deyib ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olub. Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.

Xüsusi Sessiyada pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək.