• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1673
— 02.12.2020 20:38

Ailəsindən xəbərsiz cəbhəyə könüllü yollanan şəhid

KepezTV Player

İndi vətən yolunda şəhid olan oğullarımızın ruhu şadddır. Çünki uğrunda döyüşdükləri torpaqlar erməni işğalçılarından azad olunub. Bununla özlərinə təsəlli tapan şəhid Şamxal Əjədrlinin ailə üzvləri də qürurludurlar. Növbəti videomaterialda şəhid əsgərimizi daha yaxından tanıycağıq.

23 yaşlı Şamxal Maarif oğlu Əjdərli. Ömrünün cavan çağında cəbhədə gedən döyüşlər onu da əldə silah müharibəyə yollanmağa vadar edib. Daşkəsən istiqamətindən döyüşlərə qatılan gənc daha sonra Füzulidə gedən döyüşlərə qatılıb. Anası ilə hər telefon danışığında vəziyyətin yaxşı olduğunu, tezliklə doğma kəndinə qələbə müjdəsi ilə qayıdacağını vədd verib. Qələbə bizim olsa da bu müjdəni anasına çatdırmaq Şamxala nəsib olmur.

Yeganə Qədirova şəhidin anası: Mən bircə onunla fəxr edirəm balam şəhid olub. Amma balamın qanı alınıb. Prezidentimiz sağ olsun, balamın qanını yerdə qoymayıb. Mən həmişə də fəxr edəcəm balam şəhid olub.

Hərbi xidməti Naxçıvan Muxtar Respublikasında keçən Şamxal Əjdərli daim döyüş əzmi ilə fərqlənib. Hərbi xidməti başa vuraraq cəbhəyə yollanıb. 44 günlük azadlıq savaşına da ailəsindən xəbərsiz yollanıb.

Maarif Qədirov şəhidin atası: Mən bazara kənd təsərrüfatı məhsullarını satmağa getmişdim. Oğlum da işləməyə getmişdi. Bir də eşidib səfərbərlikdir. Qaça-qaça gəlib tez sənədlərini götürüb rayona gedib. Mənə zəng etdi ki, ata mən artıq səfərbərlikdəyəm. Dostu ad günündə bir saat bağışlamışdı onu da qoluna bağlayıb sənədlərini də götürüb gedib.

Şamxal Əjdərlini tanıyan hər bir şəxs onu mərd, cəsur və qorxmaz bir gənc olaraq xarakterizə edir. İndi dostları hər gün onun yaşadığı evə gələrək Şamxalla bağlı xatirələrini bölüşürlər. O dostlar sırasında İkinci Qarabağ Müharibəsində Qazi olanlar da var.

Cahid Vəliyətli şəhidin qazi dostu: Şamxal çox ürəkli oğlan idi. Bizim qardaşımız, dostumuz, sinif yoldaşımız idi. Çox gözəl oğlan idi. Biz fəxr edirik dostumuz döyüşlərdə iştirak edib. Fəxr edirik torpaqlarımızı aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.

İndi tək Şamxalın dostları, yaxınları deyil, bütün şəhid ailələrinin, qazilərin qəlbi qürurla döyünür. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub!

Natiq Hüseyn