Daxili İşlər Nazirliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan daha bir dəstənin üzvlərinə qarşı uğurlu əməliyyat keçiriblər.
Baş İdarəyə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında kütləvi şəkildə qanunsuz ağackəsmə əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub. Hər iki qurumun əməkdaşları tərəfindən qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonaları nəzarətə götürülüb. Qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib. Həmin şəxslər saxlanılıblar. Elşən Hüseynov və Ehtibar Muxtarovun qanunsuz olaraq kəsdikləri ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə məlum olub ki, bu şəxslər qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Həmçinin araşdırma zamanı ağacların yaş halda kəsildiyi məlum olub. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.
- Baxış: 1773