• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 25.11.2020 19:02

Kəlbəcərə yenidən həyat qayıdacaq

KepezTV Player

“Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Prezident İlham Əliyev bu gün xalqa müraciətində kəlbəcərliləri belə təbrik edib. Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə adlandıran dövlət başçısı bunun o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyəti olduğunu vurğulayıb. Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Amma artıq Kəlbəcər bizə qayıdıb və biz işğaldan azad olunan bütün şəhər və rayonlarımızı bərpa edəcəyik.

Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Dövlət başçısı narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələrini bizim dağılmış məscidlərə baxmağa çağırıb. Kəlbəcər rayonunun füsunkar təbiəti, zəngin mədəni irsindən söz açan Prezident İlham Əliyev işğalçıların Azərbaycana yaşatdığı çətinliklərdən, törətdikləri ekoloji cinayətlərdən danışıb. “Ermənistan terror dövlətidir, bu terrorun tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var” deyib. Qeyd edib ki, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.

Bütün işlər planlı şəkildə aparılacaq. Prezident İlham Əliyevin sözlərinə görə, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər görüləcək, daha sonra yollar bərpa olunacaq. Artıq müvafiq göstərişlər verildiyini deyən dövlət başçısı işlərin vaxtında görüləcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş, Azərbaycan isə zəfər çalmış ölkədir.