• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 22.11.2020 18:06

Erməni təxribatından zərər görən evlər yenilənir

KepezTV Player

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və ağır artilleriyadan istifadə etməklə Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına külli miqdarda ziyan dəyib. Bir neçə aydır rayonda dövlət tərəfindən tikinti bərpa işlərinə başlanılıb. Evlərdə son tamamlama işləri görülür.

Ölkə başçısının sərəncamı ilə Tovuzun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində erməni təxribatları nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinə bir milyon manat vəsait ayrılıb. Qısa müddət ərzində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Evləri dağılan vətəndaşlar iyulda erməni təxribatı dövründə də, indi də qətiyyətlərini nümayiş etdirirlər. Gündəlik təsərrüfat işləri ilə məşğul olan kənd sakinləri Müzəffər Ordumuzun şanlı qələbəsindən daha da ruhlanıblar.

Namiq Əliyev ev sahibi:“Biz yenə evimizdən heç yerə getmədik. Bir balaca çardaq düzəldib qalırıq. Xalqımızı təbrik edirəm. Biz çox razıyıq. Bizim evimizi Prezidentimizin qərarı ilə sıfırdan təmir edirlər”.

Hökumə Abdullayeva ev sahibi:“Ondan da daha yaxşı, ondan da gözəl təmir olunur. İnidi də gördüyünüz kimi işlərimiz yekunlaşmaq üzrədir. Suvaq işləri gedir. Qələbə günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm”.

İşlərin ən qısa müddətdə tamamlanması məqsədilə əraziyə xeyli sayda işçi qüvvəsi cəlb olunub. Kəndlərin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğuldurlar. Yaxın zamanda sakinlər əvvəlkindən də yaxşı şəraiti olan, geniş, istilik sistemli mənzillərlə təmin ediləcəklər.

Natiq Hüseyn