Ermənistanın kimyəvi tərkibli mərmilərdən istifadə etməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, 8 oktyabr, 3, 4 və 8 noyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində, habelə Ermənistan ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozublar. Genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələri atəşə tutulub. Habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsipləri pozularaq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən, Azərbaycanın təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə tərkibində ağ fosfor olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmisi atılıb. Nəticədə həmin ərazilərdə yerləşən təbii sərvətlər qəsdən yandırılaraq xüsusilə külli miqdarda ziyan vurulub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib. Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin təcavüzkar müharibəni aparma, terrorçuluq və digər maddələri ilə cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda müvafiq sənədləşmə işləri aparılır və sübutlar toplanılır.
- Baxış: 110