• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 12.11.2020 20:23

Qarabağın açarı olan Şuşa

KepezTV Player

Şəhərin tarix üçün əhəmiyyəti iki amillə ölçülür. Geostrateji və cəmiyyət üçün verdiyi xeyrlə. Azərbaycanın ən qədim şəhəri olan Şuşa da bu baxımdan böyük əhəmiyyət kəsb edir. İstər cəmiyyətimizə verdiyi 100-lərlə ictimai, siyasi, mədəni xadimlər, istərsə də üç tərəfdən qayalıq bir şəhər olmaqla qala xarakterli olması tarixi nöqteyi nəzərdən də xarakterizə edilir.

Azərbaycanın qədim diyarı Şuşa. Yerləşmə baxımından çox əlverişli məkanda olan Şuşa 1500-2000 m yüksəklikdə, qayalıq hissədə salınıb. Təbii istehkam olan Şuşaya yalnız Xankəndinə açılan qapı tərəfdən girmək mümkündür. Tarixi mənbələrdə hətta Makedoniyalı İsgəndərin dövründə belə Şuşa adlı toponimə rast gəlinir.

Həsənbala Sadıqov - AMEA-nın Gəncə bölməsinin şöbə müdiri: Azərbaycan tarixinin Albaniya dövründə Albanların hakim olduğu coğrafiyada Şuşanın olması  tarixi mənbələrlə təstiq olunur. Bu isə aidir bizim eranın 5-6-7-8 və 12-ci əsr mənbələrində Şuşa haqqında məlumatlar var.

Tarixi qədim olan Şuşa bütün dövrlərin siyasi proseslərinin mərkəzində olub. Şəhərin ictimai xadimləri, mədəni hadislərin burada cərəyan eləməsi şəhərin əhəmiyyətini artırıb.

Bəxtiyar Məhərrəmov - GDU-nun baş müəllimi: “100-dən artıq ictimai, siyasi xadim məhz Şuşada böyüyüb. İlk açıq teatr 1830-cu ildə Şuşada açılıb. Azərbaycanda ilk mətbə 19-cu əsrin 40-cı illərində Şuşada açılıb. Xarici səyyahlar Şuşaya gələndə Şuşa xanımlarının, Şuşa bəyləyinin çox səlis şəkildə fransız dilində danışdığını göstərir. İlk dəfə olaraq burada yerli yazıçıların əsərləri tamaşalara qoydu. Otello əsərinin ilk tamşaya qoyulduğu şəhər Şuşadır. Görün necə savadlı bir cəmiyyətdir. Rus müəlliflərinin əsərləri tamaşaya qoyuldu. Bunlar az iş deyil.

Şuşa şəhəri məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin də vətənidir. Xalq arasında yaxşı demişlər ki,  Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir. Cəsarətlə demək olar ki, Şuşanın Azərbaycana verdiyi istedadları heç bir şəhər verməyib.

Bəxtiyar Məhərrəmov - GDU-nun baş müəllimi: Məlik Haqnəzərov oradandı, Nərimanbəy Nərimanbəyli oradandı. Dünya səviyyəli filasof Əhmədbəy  Ağaoğlu, onun qızı Sürəyə Ağaoğlu Türkiyənin ilk vəkil qadını oradandır. Müsir statiskada 400 artıq memarlıq abidəsi var. Qarabağ xan sarayı, Şuşa xan sarayı, hər məhəllənin özünün məscidi olub. Şuşada 17-18 küçə olub, onlarında hərəsinin öz məscidi olub. Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidi var ki, burada da 500-600 nəfər birdən namaz qıla bilirdi.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Sovetlər dönəmində mən Şuşa teatrının səhnəsində öz tamaşalarımızla çıxış etmişik. Gördük ki, Şuşanın təbiəti, relyefi rəngarəng olmaqla yanaşı əsrarəngizdir. Müzəffər ordumuzun sayəsində xalqımız Şuşaya qayıdacaq və  yaradıcılıq uğurları Şuşada davam edəcək. Teatrlar tezliklə öz doğma yurdlarında davam etdirəcəklər və bizdə qarşılıqlı səhnələrimiz dəyişərək teatr olaraq onlarla əməkdaşlıq edəcəyik.

Heç şübhəsiz Şuşanı şuşalılar qədər özləyənlər indi şəhərə qayıtmağa tələsirlər. Nizami dayı da Şuşaya getməyə daha çox tələsənlərdəndir. Deyir ali baş komandan tərəfindən "Şuşa sən azadsan" deyəndə 70 yaşı olmasına baxmayaraq uşaq kimi ağladı.

Nizami Əliyev - Şuşa sakini: Şuşanın ən gözəl yerlərindən biri Cıdır düzüdür, Cıdır düzü bizdən 1 km aralı idi. Sonra İsa bulağı, Xəlfəli çayı, terrostux idi. Çox gəzməli yeri var idi. Aşağıda daşaltı var idi. Gözümün önündə necə görmüşəm elədi. İstəyirəm tez gedəm. Gedim torpaqdam öpüm. Şuşalılarla qohumlarla, qonşularımla görüşmək.

Sevil Əliyeva - Şuşa sakini: Mirzə Həsən qəbirstanlğında da xarıbülbül çox idi. Gedib qucaqla yığıb gətirirdik. Telesentrin studiyası var idi ora çıxanda elə bil dünya qayağının altında idi. Turş su, sanatoriya hamısı bizim üçün əzizdir. Prezidentimizə o qədər təşəkkür edirik.

Bu gün Şuşada qalib Azərbaycan əsgəri üç rəngli bayrağımızı qaldırıb. Düz 28 ildən sonra azan səsi eşidilib. Qədim diyara kişi ayağı dəyib, özü də əbədi olaraq.

 

Elnur Vahidoğlu