Müzəffər ordumuzun şanlı tarix yazdığı gün nəhayət ki, yaşandı. Duyduğumuz qələbə xəbəri qəlbimizi fəxr hissi ilə çoşdurdu. Amma bəzi ailələr işğaldan azad olunan hər bir qarış torpağa görə tamam başqa sevinc hissi keçirdi. Həm ərazi bütövlüyümüzün təmin olunduğuna, həm də öz şəhidinin simasında bütün Vətən qurbanlarının qisasının alındığını görə...
Bu gün Qarabağ qələbəsinə şahidlik edənlər arasında şəhid ailələri də yer alır. O ailələr ki, qızğın döyüşlərdə canını fəda edənin cəsədinə belə qovuşmayıb. Mirnəcəf Həmzəyev barəsində gələn son xəbər, onun Ağdərə istiqamətlərində gedən qızğın döyüşlərdə iştirakı ilə bağlı olub. Amma digəl ki, yaxınları 1993-cü ildən itkin düşən, şücaəti ilə qürurlandığı komandirin yoxluğu ilə bu gün də barışmır.
Mircabbar Həmzəyev şəhidin qardaşı:Adi insanın cibindən qəpik düşəndə onu tapana kimi axtarır. Bu isə canlı insandır. Düzdü, qohum-əqraba söhbəti düşəndə rəhmət diləyirlər. Üz cizgilərim dəyişən kimi dedilər xətrinə dəymədi ki? Deyirəm yox qadanalım, niyə xətrimə dəyir ki? Ölüyə də rəhmət, diriyə də rəhmət. Dəfn eləməmişik axı, onun eləcə xəbəri var, qeybdədir.
Məhluqə Həmzəyeva şəhidin həyat yoldaşı:Fevralın 7-si getdi, fevralın 10-u biz bildik ki, döyüşlərdə itkin düşüb. İtkin düşdüyünü xəbər verənə kimi dedilər döyüşdə olub, nə qədər əsgərlərə kömək eləyib, neçəsini ağır döyüşdən çıxarıb. Yaşının az olduğuna baxmayaraq özünə dədə ləqəbi qazanmışdı. Bu ləqəbi bizə əsgərlər qoymuşdu. Çox istəyirdilər onu.
Mirnəcəfin itkin xəbəri ilə barışmayan qardaşlar Həmzəyevin ardınca silaha sarılıb döyüşə yollanırlar. Əfsuslar olsun ki, bu mübarizə də Həmzəyevlər ailəsi üçün itkisiz ötüşmür. Bu dəfə faciəvi şəkildə həlak olub, şəhidlik zirvəsinə ucalan Məhbub Həmzəyev olur. Baş verən hadisələrin təsirdən sarsılan ailə Mirnəcəfin oğlu Anarın atası kimi hərbçi olmaq istəyinə qarşı çıxsa da, buna nail ola bilmir.
Məhluqə Həmzəyeva şəhidin həyat yoldaşı: Amma o atasının yolunu özünə deviz seçdi. Onun yolunu tutdu, onunla da fəxr edirdi. Mən oğlumla fəxr edirəm ki, atasının, əmisinin, cəmi şəhidlərin qanını alır.
Mirrəhim Həmzəyev şəhidin nəvəsi: Mənim babam şəhid olub. Biz əsgərlərimizlə fəxr edirik.
Vətən müharibəsində haqq üçün vuruşan hərbi qulluqçularımız bütün Azərbaycan şəhidlərinin qisasını aldılar, düşməni iti qovan kimi torpaqlarımızdan qovdular.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
- Baxış: 543