• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 29.10.2020 20:53

İşğaldan azad olunan ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır, prezident bununla bağlı fərman imzaladı

KepezTV Player

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən,öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcək müvəqqəti komendantlıqlar yaradılır. Müvəqqəti komendantlıqların nəzdində əməliyyat qərargahları yaradılacaq. Müvəqqəti komendantlıqlar mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin təmini, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması; aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi; kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi; aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi kimi tədbirləri həyata keçirəcək. Həmçinin ANAMA, Fövqəladə Hallar, İqtisadiyyat, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Müdafiə, Daxili İşlər, Maliyyə, Səhiyyə nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azərişıq”, “Azərsu”, “Azəriqaz”, “Azərkosmos” kimi dövlət qurumları ilə birgə müəyyən vəzifələri yerinə yetirəcək. O cümlədən Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycana qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması üçün tədbirlər görəcək. Müvəqqəti komendantlıqların fəaliyyətinə Prezidentinin Administrasiyası nəzarət edəcək.