• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 28.10.2020 21:08

"Kəpəz" qələbə qazanıb liderliyə yüksəldi

KepezTV Player

Futbol üzrə I Divizionda IV tura start verilib. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Zaqatala”nı qəbul edib. Bu, “sarı-göylər”in doğma meydanda cari mövsümdə ilk ev oyunu olub.

Mövsüm öncəsi yoxlama oyununda Gəncədə heç-heçə oynayan tərəflərin bu dəfəki görüşü təqvim matçı olduğundan rəsmi xarakter daşıyıb və komandalar meydana daha məsuliyyətli çıxıblar. Bir-birini yaxşı tanıyan rəqiblər ilk dəqiqələrdən açıq futbola üstünlük veriblər. Hücumda daha yaxşı oynayan “Kəpəz” tezliklə hesabı açıb. 10-cu dəqiqədə Nicat Məmmədov toru silkələyib. Az sonra meydan sahibləri ikinci qolu qonaqların qapısından keçiriblər. Gəncəlilərin hücum xəttinin lideri Tural Qürbətov komandası adına hesabı artırıb.

Fasilədən ardından da Yaşar Vahabzadənin yetirmələri təşəbbüsü əldən verməyiblər. Rəqibin kobud oyuna görə qırmızı vərəqə ilə azlıqda qalması da “Kəpəz”in lehinə işləyib. Zaqatala klubundan Nihat Oruclu 52-ci dəqiqədə kapitan Əli Səmədova qarşı yolverilməz şəkildə oynadığından hakimin qəzəbinə tuş gəlib.

65-ci dəqiqədə gəncəlilər növbəti qolun sevincini yaşayıblar. Rəqibi sona kimi təqib edən Orxan Abdullayev qonaq qolkiperi səhv etməyə məcbur edib. Qoldan sonra sanki arxayınlaşan “Kəpəz” qapısında qol görüb. Kənan Müslümov penaltidən hesab arasındakı fərqi azaldıb. Amma çox keçmədən Tural Qürbətov özünün ikinci, komandasının 4-cü qolunu vurmaqla intriqanı öldürüb. Bu, hücumçunun mövsümdə 3-cü məhsuldar zərbəsi olub.

Qalan vaxtda qonaqlardan Roini İsmayılovun hesabı yenidən azaltması da heç nəyi dəyişməyib. Son nəticədə “Kəpəz” 4:2 hesabı ilə qələbə qazanaraq çempionatda liderliyə yüksəlib.