• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 26.10.2020 19:52

Gəncədə növbəti reyd keçirildi

KepezTV Player

Koronavirusla bağlı statistik rəqəmlər karantin qaydalarına əməl olunmasının vacibliyini bir daha gündəmə gətirməklə ona əməl edilməsini vacib edir. Xüsusilə, insanların sıx toplaşdığı qapalı məkanlar və ictimai nəqliyyatda. Bax elə bu məqsədlə, ölkənin digər şəhər və rayonlarında olduğu kimi, Gəncədə də profilaktik tədbirlər həyata keçirilib. Qanuna əməl edənlər də aşkarlanır, ona məhəl qoymayanlar da...

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin ikinci böyük şəhərində növbəti reyd keçirilib. Reyd şəhərin müxtəlif ərazilərində yerləşən ticarət və satış obyektlərində baş tutub. Qapalı məkanlarda maskadan istifadə etməyən şəxslər aşkarlanıb, onların barəsində qanuna müvafiq olaraq protokollar tərtib olunub. Reyd zamanı sosial məsafənin gözlənilməsi məsələsinə də diqqət yetirilib. Bu və ya digər formada qanunu pozanları ictimai nəqliyyat istifadəçiləri arasında da aşkarlanıb.

Təranə Balakişiyeva sakin:Sürücü hər avtobusa minənə təklif edir ki, maskadan istifadə edin. Maskasız minməyin. Maskasız minənlər olur biz sərnişənlər ona reaksiya veririk.

Respondentlərdən fərqli olaraq avtobus sürücüləri mövcud situasiyanı fərqli qiymətləndirir, sərnişinlərin əksər hallarda qaydalara riayət etdiyini iddia edirlər.

Müşfiq İsgəndərov sürücü:Sərnişinlərimiz məlumatlıdır, xəbərlərə baxırlar. Qaydalara riayət edirlər, maskadan istifadə edirlər. Eləməyənlər də xəbərdarlıq edirik maskadan istifadə edirlər. Özüm də o cümlədən..

Arzu Hacıyev sürücü:Çalışdığımız qədər maskasız şəxs götürmürük. Hər gün səhər-səhər qarajdan çıxanda maşınların hamısının içi dezinfeksiya olunur, spirt qabları dolur.

Məsələylə bağlı Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən sürücülərə tapşırıqlar verilib, sıxlıq müşahidə olunan marşrut xətlərinə əlavə avtobuslar cəlb olunur.

Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: Tibbi maska və məhlullardan istifadə etməyən sürücülər barəsində tədbirlər görülür, avtobuslar xəttdən kənarlaşdırılır.

Pandemiyanın geniş yayıldığı dönəmdə taksi sürücülərinin üzərinə də müəyyən qədər məsuliyyət düşür. Xüsusilə, ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi şənbə və bazar günlərində.

Aydın Əliyev sürücü:Taksi fəaliyyəti ilə məşğul oluram. Hər bir sərnişindən maskadan istifadə etməsini tələb edirəm. Çünki özüm də maskadan istifadə edirəm.

İctimai nəqliyyat vasitələri daxil, ümumilikdə şəhərdə aparılan reyd zamanı aşkarlanan hallar vəziyyətin qismən ürəkaçan olduğunu deməyə əsas verir.

Eşqin Qasımov DİN-nin mətbuat xidmətinin əməkdaşı:Keçirilən reyd zamanı ümumilikdə şəhər əhalisinin karantin qaydalarına əməl etdiyi aşkarlandı. Lakin bununla belə, az da olsa bəzi vətəndaşların koronovirus pandemiyasının yayılmasında ən önəmli faktor olan tibbi maskalardan istifadə etmədiyi, sosial məsafəni gözləmədiyi aşkarlandı.  Onlar barəsində qanuna müvafiq tədbirlər görüldü, inzibati xətalar məcəlləsinin müvafiq maddəsilə cərimələr yazıldı.

Gəncədə bu kimi reydlər mütəmadi xarakter daşıyır. Odur ki, sağlamlığımızdan olmamaq və ən əsası, ön cəbhəyə kömək naminə maksimum diqqətli olaq.