• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 26.10.2020 17:55

Yurduna qayıtmağa hazırlaşan qubadlılılar

KepezTV Player

Üzərindən məcburi köçkün adı götürülən soydaşlarımızın sayı hər ötən gün artır. Bu gün də istisna olmayıb. Dövlət başçısının Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndinin, eləcə də Qubadlı şəhərinin işğaldan azad edilməsini açıqlaması Gəncədə məskunlaşan Qubadlıları da sevinc göz yaşlarına qərq edib. Sujeti izləyək.

Oqtay Həmidov Qubadlı sakini:Qubadlı rayonun bir neçə kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad olunması xəbərini eşitdik. Təsəvvür edə bilməzsiz ki, bu xəbər bizə necə həyacan yaşatdı. Dillə demək mümkün deyil. O sevincli hisləri, o sevincli dəqiqələri, anları hər bir məcburi köçkün ailəsi yaşadı.

Bəli onlar həyacanla, sevinc göz yaşları ilə bu xəbəri eşitdilər. 27 ildir ki, dədə-baba torpaqlarından didərgin düşdükləri Qubadlının işğaldan azad olunması xəbərini. Deyirlər bu xəbəri gözləyirdilər, ürəyimizdə, qəlblərində inanırdılar ki, Qubadlı azad olunacaq. Bu gün onların günüdür.

Oqtay Həmidov Qubadlı sakini:Biz Gəncə şəhərində yaşayırıq. Gəncədə, Azərbaycanın digər  guşələri də bizim üçün doğma, əzizdir. Ancaq insanın doğulduğu yer, yurd daha əzizdir. Bu günkü gün üçün çox şükürlər edirik. Tezliklə ora qayıdıb orada yaşamağı arzulayırıq.

71 yaşlı Adil Əhmədov isə həyatında bu qədər ürəkdən sevinməyib. Gecələr yuxularından çıxmıyan Qubadlısının azad olunması xəbəri onu da digər qubadlılılar kimi çox sevindirdi. İndi nəvələri ilə qayıdacaq doğma elinə obasına.

Adil Əhmədov Qubadlı sakini:Mən nə vaxt yuxu görmüşəm Qubadlını kəndimizi görmüşəm. Dünən mən günorta bir az mürgülədim. Gördüm ki, Qubadlıdan bir az o tərəfdə kəndimiz var. Qar yağıb, bulaqdı bulağın altında da su axır. O cür xəyallarla yaşayıram. Durdum elə axşam oğlum da dedi ki. Ata yuxun çin oldu Qubadlını aldıq.

Qubadlıdan çıxanda Pərviz Rzaquliyevin 8 yaşı var idi. Deyir Qubadlı bir an belə yaddaşından çıxmayıb. Uşaqlıq xəyalının xoş günləridir Qubadlı. İndi uşalıqlığı gözünün önündə canlanır.

Pərviz Rzaquliyev Qubadlı sakini: Uşaqlığımız Qubadlıda keçib. Hər bir şey yadıma düşür. Olduğumuz kənddə o ağacın altı, bulaqlar, dilnən saysan qurtarası deyil. Şükür Allaha ki, Qubadlı rayonu, torpaqlarımız azad olundu. İnşallah gələcəkdə başqa rayonları da azad edərik. Sevincimizin həddi-hidudu yoxdur.

İndi digər məcburi köçkün soydaşlarımızın da qulağı səsdədir. Onlarda digər 4 rayonun sakinləri kimi dədə baba torpaqlarının azad olunacağına inanırlar. Bu gün isə uzad deyil.

Elnur Vahidoğlu