• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 24.10.2020 20:34

Artan say təhlükənin ciddiliyindən xəbər verir

KepezTV Player

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronovirusa yoluxanların sayında artım müşahidə olunur. Statistik rəqəmlərin ümumilikdə 50 minə yaxınlaşması çoxlarında narahatlıq doğurur. Mütəxəssislər bu cür gedişatın səbəbini bir sıra məqamlarla izah edir. Həmin məqamlar nədən ibarətdir? Əməkdaşımız Nazənin Zaman məsələyə aydınlıq gətirib, izləyək.

Payız-qış mövsümündə virusa yoluxanların sayında artımın gözlənilən olması, digər tərəfdən insanların arxayınlaşması bu gün artan dinamikanı ortaya qoyur. Aşkarlanan hər bir xəstə asimptomatik olsa belə, başqaları üçün təhlükədir.

Almaz Tomiyeva GEM-in şöbə müdiri:Gəncədə də vəziyyət belədir ki, gün ərzində ən azı 20-25 xəstə aşkar olunur. Bir insanın xəstələnməsi 10 insanın yoluxmasına gətirib çıxara bilər. Bəlkə də daha çox. Hər bir insan , istər işləyən olsun, istər işləməyən hərbi vəziyyəti nəzər alıb özünü və ətrafındakıları qorumalıdır.

Aşkarlanan xəstə sayı koronavirusa görə edilən testlərin sayına mütənasib olmaqla yoluxmanın müsbət dinamikasını ortaya qoyur. Bu isə maskanı cəriməyə xatir istifadə edənlərin, sıx kontaktdan çəkinməyənlərin, özlərini sanitar-gigiyenik normalara əməl etməyə məcbur hiss etməyənlərin sayəsində qazanılır. Bu cür yanaşma gündəlik açıqlanan statistik rəqəmlərə də ciddi təsir göstərir.

Şərifə Quliyeva terapevt: Ümumi halsızlıq, zəiflik, dad bilmə, iy bilmə xüsusiyyətləri, qripə oxşar əlamətlər əsasən temperaturun olması, nəfəs darlığı zamanı həkimə müraciət etmək lazımdır. Bizim əhalidə belə bir xüsusiyyət var. Bəzən cüzi bir dəyişikliyi allergiyam var, yüngül qripəm deyə qiymətləndirirlər. Koronavirus kimi fobiyası olduğu üçün. Ona görə həkimə getməkdən çəkinirlər. Cüzi dəyişiklik olan zaman vaxtında həkimə müraciət etmək lazımdır. Çünki xəstəlik vaxtında aşkarlanarsa onun simptomları ilə tez mübarizə aparmaq olur və belə olduqda biz ağırlaşmaların qarşısını da tez ala bilirik.

Bəzilərinin xəstəliyi daha yüngül formada keçirməsi müəyyən şəxslərdə Covid-19-un təhlükəli olduğuna inamsızlıq yaradır. Əslində isə immuniteti yüksək olan və ya profilaktik məqsədlə dərman preparatları qəbul edənlər üçün yüngül müalicə olduqca normaldır.

Almaz Tomiyeva GEM-in şöbə müdiri:Xəstələr artıq onlarda bir çox simptomlar ortaya çıxanda analiz verirlər. Boğulma, öskürmə, iy , dad bilməmə ortaya çıxanda yaxma müayinəsindən keçirlər. Biz hər zaman deyirik şübhəli  hal varsa, müəyyən bir yerdə şübhəli hadisələrlə rastlaşıblarsa, xəstə insanlara kontaktda olublarsa, dəfn mərasimində iştirak ediblərsə onlar mütləq müayinədən keçməlidirlər.

İndiki dövrdə koronovirusla paralel mövsümi xəstəliklərin də geniş vüsət alması insanlar arasında müəyyən çaşqınlıqlar yaradır. Amma bu amil belə hər hansı simptoma qeyri-ciddi yanaşıb, müayinədən yayınmaq üçün arqument hesab olunmur. Odur ki, COVİD-19-a yoluxmanın, itkilərin qarşısını almaq üçün insanlar Ümumdünya Səhiyyə Təşkilatının mövcud təlimatlarına əməl etməli, sıx toplaşmamalı və açıq havada olsalar belə, tibbi maskadan istifadə etməlidirlər.