Göygöldə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Onlar rayon ərazisindəki evlərdən birinə daxil olaraq pul və qızıl tələb edib, ev sahiblərinə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Göygöl Rayon Polis Şöbəsinə müraciət edən Qızılqaya qəsəbə sakini Fikrət Əliyev yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maskalı şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və yoldaşı İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdiyini bildirib. Polis əməkdaşları dərhal əməliyyata başlayıblar. Quldurluqda şübhəli şəxslər saxlanılıblar.
Quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum olunmuş Həmid Abdullayev və Azər Səmədov olduqları müəyyən edilib. Hər iki şəxs törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirib, hadisənin törədilməsində istifadə olunan 1 ədəd tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 1342