Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırılırlar. **Bununla əlaqədar DTX də açıqlama yayıb. "Ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır. Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda düşməndən azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur", - deyə DTX-dən bildirilib. Unutmayaq ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər.
- Baxış: 120