• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 18.10.2020 10:18

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

KepezTV Player

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün səhər saat 7-dən başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində ermənilər hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır. Ermənistan silahlı qüvvələrinin bölmələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ötən gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad”ı, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topu, 6 ədəd avtomobil texnikası məhv edilib. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. Qeyd edək ki, Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan XİN-in məlumatına görə, qərar ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı, həmçinin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.