• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 08.10.2020 22:50

Düşmən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək qaçan Ermənistan hərbçiləri dinc sakinləri, yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə evlərə, mülki obyektlərə, dinc əhalinin əmlakına, infrastruktura külli miqdarda ziyan vurulur. Gün ərzində Goranboy rayonunu da artilleriya atəşinə tutub. Nəticədə rayonun bir neçə kəndində evlərə və mülki obyektlərə ziyan dəyib. Ermənistan silahlı qüvvələri kəndi atəşə tutsa da, sakinləri hədəfə alsa da, onlar qorxmurlar. Rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına da külli miqdarda ziyan dəyib.Düşmənin atdığı mərmi rayonun Ağcakənd qəsəbəsində qaz xəttini zədələdiyindən bir küçənin qaz təchizatı məhdudlaşdırılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və rayonun ətraf kəndlərini ağır artilleriya atəşinə məruz qoyur. Nəticədə 17 sosial obyektə və 351 evə ziyan dəyib, 80-dən çox ev tamamilə dağılıb, 37 mülki vətəndaş yaralanıb, 9 nəfər isə həlak olub. Düşmənin dinc əhalini atəşə tutmasına baxmayaraq, Tərtər şəhər sakinləri şəhəri tərk etməyib, həyat öz axarı ilə davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub. Nəticədə şəhərinin mərkəzində yerləşən restoranlardan birinin ərazisinə raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.