• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1080
— 29.09.2020 20:50

Pakistanın mövqeyi əsl qardaşlıq nümayişidir

KepezTV Player

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyinə görə Pakistana minnətdarıq. Pakistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edən Prezident İlham Əliyev səfirlə söhbətində cəbhədə baş verən hadisələr və erməni təxribatlarına diqqət çəkib. Dost ölkənin yeni səfiri isə iki ölkə xalqlarının daha da yaxınlaşdırılması istiqamətində əlindən gələni edəcəyini deyib.

“Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir” deyən Prezident İlham Əliyev vurğulayıb ki, Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımayan ölkədir. Və bu, qardaşlığın əsl nümayişidir.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti:“Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır”.

Ermənistanın Azərbaycanofobiya siyasəti davam edir

Ermənilərin iyul təxribatlarına diqqət çəkən dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni təxribatı dayandırılmaqla etdiklərinə görə peşman edildi. Bunun belə düşmənin işğalçı və Azərbaycanofobiya siyasəti davam edir.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Azərbaycan diktatoru dayandıracaq

Ermənistanın uzun illər ərzində təcavüzü və işğalının bütün infrastrukturun dağılmasına gətirib çıxardığına, Xocalı soyqırımından başqa, mədəni soyqırımı da törədildiyinə toxunan Prezident İlham Əliyev tarixi abidələrimizin, məscidlərimizin dağıdıldığını vurğulayıb. Düşmən tərəfindən hələ dağıdılmayan məscidlərdə heyvan saxlanıldığına diqqət çəkən dövlət başçısı ermənilərin bütün müsəlman dünyasını təhqir etdiyini önə çəkib.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur.

Dövlət başçısı qeyd edib ki, Qarabağ Ermənistandır deyən Paşinyan göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək.

"Kimin yanımızda olduğunu görürük və bunu unutmayacağıq"

Prezident İlham Əliyev vurğulayıb ki, indi həqiqət anıdır. Kimin yanımızda olduğunu görürük və bunu heç zaman unutmayacağıq.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti: Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan. Türkiyə Prezidenti, qardaşım Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq.

"Qarabağ Azərbaycandır! deməkdən çox xoşbəxtik"

Pakistanın yeni səfiri Bilal Haye isə deyib ki, Qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var. Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləyib.

Bilal Haye Pakistanın yeni səfiri:Bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirimiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək. Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz Qarabağ Azərbaycandır! deməkdən çox xoşbəxtik.

Qarşısına Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırılması istiqamətində çalışmaq tapşırığı qoyulduğnu deyən Bilal Haye bu vəzifələrin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.