• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 28.09.2020 22:56

Ziyalılar da döyüşə hazırdır

KepezTV Player

Hərbi qulluqçularımız bu gün də müvəfəqqiyyətlə irəliləyir və torpaqlarımızı son qarışınadək işğaldan azad etməyə çalışırlar. Müzəffər ordumuzun qazandığı qələbələr isə sözsüz ki, 7-dən 70-ə hər kəsə sevinc və qürur hissi yaşadır. Həmçinin, Gəncə ziyalılarına da. Mövcud situasiya ilə bağlı şəhərin sayılıb-seçilən insanları öz fikirlərini dilə gətiriblər, izləyək.

Asif Cavadov GDU-nun rektorunun baş müşaviri:Hər bir cəmiyyət üzvünün müəyyən bir səbr kasası var. Və bu səbr kasasının dolma məqamı var. Ermənilər bu məqama çatdırdılar. Onlar Azərbaycanla zarafat eləməyə çalışdılar. Amma düşünmədilər ki, Azərbaycanla zarafat eləmək olmaz.

İşğalçı ölkənin fikirləşdiyi kimi etmək istədiyi dırnaqarası zarafatı bu dəfə onun özü üçün baha başa gəlir. Azərbaycan xalqı işğaldan azad olunan ərazilərinin müjdəsini alır və beləcə növbəti dəfə ruh yüksəkliyi yaşanır.

Fuad Əliyev AMEA-nın Gəncə bölməsinin sədri: Sözsüz ki, hər bir Azərbaycan vətəndaşı sevinir. Mən də bir ziyalı kimi sevinirəm. Gəncə hər zaman ön cəbhədə olub. Qazax, Tovuz hadisələri zamanı könüllü kimi ilk yazılanlar elə gəncəlilər olub. Bu gün də Gəncənin ahılları, gəncləri vuruşmağa hazırdır...

Qətiyyətli xalqın gəncəli nümayəndələri hər zaman öz rəşadəti ilə seçilərək, ön cəbhədə vuruşublar. Ölkənin ikinci böyük şəhərində fəaliyyət göstərən universitetlər və onların kollektivi kimi...

Adil Tağıyev UTECA-nın prorektoru: Azərbaycan Texnologiya Universitetinin kollektivi də bütün Azərbaycan xalqı kimi bu gün böyük ruh yüksəkliyi yaşayır. Hər birimiz Ali Baş Komandanın müsəlləh əsgəriyik. Səbr kasamız dolub. Geriyə durmaq yoxdur, sonuna qədər irəli getməliyik...

Heç şübhəsiz ki, milli ordumuzun öz torpağında keçirdiyi qətiyyətli hərbi-əməliyyatlar son nöqtənin qoyulacağı günədək davam edəcək.

Asif Cavadov GDU-nun baş müşaviri:Azərbaycan xalqı sona qədər gedəcək. Möhtəmər prezidentimizin bir ifadəsinin xatırlatmaq yerinə düşər. Xankəndində qaldırılan bayraq Azadlıq meydanına gətiriləcək və orada dalğalanacaq. Bu günə çox az qalıb...

Çatdırılan qələbə xəbərləri də həmin günə çox az qaldığına işarə edir. Odur ki, yolun açıq, hədəflərin dəqiq olsun, Azərbaycan əsgəri!