• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1940
— 28.09.2020 20:33

Şəhərdə hərbi vəziyyət və qismən səfərbərlik

KepezTV Player

Bu gündən ölkənin bir sıra şəhər və rayonlarında hərbi vəziyyət elan olunub. Müddətsiz olaraq hər gün axşam saat 9-dan səhər saat 6-dək tətbiq ediləcək qaydaların aid edildiyi şəhərlər arasında Gəncə də var. Bəs hərbi vəziyyətə necə əməl etmək lazımdır və bu durumda nələr qadağandır. Bu haqda qarşıdakı süjetdə

Tətbiq edilən hərbi vəziyyət müharibə dövründə təhlükəsizliyin təmin edilməsi məqsədilə atılan addımdır. Hər bir vəziyyətin qanunauyğunluqları olduğu kimi müharibə dövrünün də bir çox öhdəliklər var ki, hərbi vəziyyət də bunların başında gəlir. Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir,  xüsusi giriş-çıxış rejimi tətbiq olunur, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Belə situasiya Azərbaycana yad deyil. 90-cı illərin əvvəllərində də Qarabağ müharibəsi zamanı bu cür komendant saatı tətbiq olunub. Ancaq indi vəziyyət fərqlidir. Hərbi vəziyyətlə bağlı verilən göstərişləri o dövrü görənlər xatırlasa da, gənc nəsil bundan məlumatsızdır. Bu durumda nələrə məhdudiyyət qoyulur və nəyə görə komendant saatına riayət etmək lazımdır?

Hərbi vəziyyətlə əlaqədar ictimai nəqliyyatla bağlı da bir çox göstərişlər verilib. Buna görə şəhərdaxili marşrutların hərəkət qrafikində dəyişiklik olacaq.

Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası:Komendant saatında sərnişindaşımaya ciddi nəzarət olunması məqsədilə şəhər üzrə fəaliyyət göstərən avtobusların sürücüləri artıq 20:00-da avtobus parklarına yaxınlaşıb avtobuslarını təhvil verəcəklər. Təbii ki, təhvil-təslim prosesi qısa zaman aldığı üçün nəqliyyat vasitələri 20:00-a qədər fəaliyyət göstərəcəkdir.  Bu avtobusların sürücülərinin də komendant saatının pozulmaması məqsədilə evlərinə çatdırılması üçün növbəli şəkildə sərnişindaşıma idarəsi tərəfindən avtobuslar verilmişdir. 21:00-a qədər həmin sürücülər öz ünvanlarına rahatlıqla çata biləcəklər.

Bu gün həmçinin Azərbaycanda qismən səfərbərlik də elan olunub. Qərarı uzun zamandır ki gözləyənlər buna seviniblər.

Xəqani Cəfərov Qarabağ qazisi:Bu gün elan olunmuş qismən səfərbərliyi biz çox səbirsizliklə gözləyirdik. Çox sevindim. Həqiqi sevindim. Sevindim ki, artıq prezidentimiz bu səfərbərlik haqqında sərəncamı verdi. Biz hazırıq və bir saat sonramı, bir dəqiqə sonramı hər birimiz batalyonumuzun üzvləri gözləyirik. Heç gəncləri demirəm. Oğlum cibində hərbi biletlə gözləyir. Mən də eynilə. Hazırıq gözləyirik.

Hazırkı dövrlə 90-cı illəri müqayisə edən Qarabağ qazisi fərqlərin böyük olduğunu deyib.

Xəqani Cəfərov Qarabağ qazisi:Texnika deyilən bir şey yoxuydu. Sovet hökuməti dağılmışdı və çox çətinliklə nəyinsə hesabına xırda-xuruş texnika varıydı. Silahımız, texnikamız, topumuz, raketimiz yox idi.  O döyüşlər can hesabına idi. Bu gün o vaxtkı müharibə ilə bu günkü hazırlığımıza müharibəyə baxanda o vaxt adama doğrudan gülünc gəlirdi. Amma bu gün istənilən səviyyədə, dünyanın ən müasir texnologiyalarından çıxmış hərbi texnikalar bizdə var. Çox şükür ki müəyyən əraziləri də işğaldan azad edə bilmişik.

Hərbi vəziyyətdən Gəncə sakinlərinin çoxu məlumatlıdır və birmənalı olaraq hərbi vəziyyətə əməl etməyi özlərinə borc bilirlər.

Ramiz Orucov şəhər sakini: Bütün Azərbaycan xalqı bu qoyulan qayda-qanuna əməl etməli, komendant saatını qorumalıdır. Bunu çox adam ola bilsin anlamır ki bunların xeyri üçündür. Komendant saatı 90-cı illərdə də olmuşdu. Biz o vaxt o həyatı yaşamışıq. İndi də elan olunub. Madam ki, bir ölkədə müharibə gedirsə, mütləq orada komendant saatı olmalıdır. BU yalnız Azərbaycan əhalisinin xeyrinədir.

İman Müseyibov şəhər sakini: Bu gündən Azərbaycanın bir sıra şəhərlərində hərbi vəziyyət elan olundu. Eynilə Gəncə şəhərində də. Düzdür mən 90-cı illəri görməmişəm. 18 yaşım var. Ancaq bu gündən hərbi vəziyyətin elan olunduğunu bilirik. Biz də gənc olaraq bu haqda məlumatlandırılmışıq. Öz təhlükəsizliyimiz, Azərbaycan ordusunun təhlükəsizliyi üçün bu qaydalara əməl etməliyik və ciddi yanaşmalıyıq.

Komendant saatının tətbiqindən irəli gələn məsələlərə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirəcək.