• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 28.09.2020 14:23

"Öz acizliklərini gördükdə mülki əhalini hədəfə alırlar"

Sentyabrın 27-də əməliyyatlar qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycan kəndlərinə hücumlarla başlayıb. Hadisələrin bu məcrada cərəyan etməsini müəyyən dərəcədə gözləmək olardı və Azərbaycan bununla əlaqədar öz narahatlığını, belə bir hücumların gözlənilməsi barədə fikirlərini beynəlxalq ictimaiyyətə çatdırmışdı. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib. Xarici İşlər naziri Ceyhun Bayramov isə məsələ ilə bağlı münasibət bildirən tərəfləri əraziləri işğal altında olan və işğalçı dövlətə eyni münasibəti göstərməməyə çağırıb.

Prezidentin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, keçirilən əməliyyatlar müdafiə xarakteri daşıyır.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır. Vurğulayıb ki, beynəlxalq ictimaiyyətin narahatlığı başadüşüləndir, amma beynəlxalq ictimaiyyətə bildiririk ki, Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Prezidentin köməkçisi deyib ki, bu işğala son qoyulmayınca Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin təmin olunması qeyri-mümkündür.

Xarici İşlər naziri Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanın uzun illərdir istifadə etdiyi taktika ondan ibraətdir ki, mahiyyəti üzrə danışıqlar aparılmasın. Nazir danışıqlar prosesinə zərbə vuran məqamları da açıqlayıb.

Ceyhun Bayramovun sözlərinə görə, danışıqlar prosesini iflic edən məqamlara beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın verilməməsi nəticəsində biz bu addımların daha ağır fəsadlarının şahidi olduq. Çox açıq formada Azərbaycan ərazisinə qarşı növbəti hücum tədbirləri həyata keçirildi, son aylar ərzində Azərbaycanın mülki və hərbi əhalisinə qarşı təxribatlar davamlı hal aldı.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, burada çox ciddi bir məqam var: bütün bu hərbi əməliyyatlar, təxribatlar Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınan ərazilərində baş verir. Ona görə də, bütün tərəflərə birmənalı müraciətimiz, israrlı xahişimiz ondan ibarətdir ki, bu kimi məsələlərə qiymət verəndə, tərəflərə müraciət edəndə neytral, eyniçəkili müraciətlər səsləndirilməsin. Çünki ərazilərinin 20 faizi işğal altından olan və işğalçı dövlətə eyni mesajların göndərilməsi ədalətli deyil.