Ötən gün Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 69 yaşlı Elbrus Qurbanov və onun dörd ailə üzvü, 64 yaşlı Şəfayət Qurbanova, 14 yaşlı Fidan Qurbanova, 13 yaşlı Şəhriyar Qurbanov və 39 yaşlı Afaq Əmirova həlak olublar. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur. "Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik. Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir", - deyə nazirliyin məlumatında vurğulanır.
- Baxış: 174