• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 25.09.2020 16:21

Ermənistan hücum etsə peşman olacaq

KepezTV Player

"Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir və Ermənistanın müharibəyə hazırlaşdığını göstərir". Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edən Prezident İlham Əliyevin sözlərinə görə, kəşfiyyat məlumatları əsasında qarşı tərəfdə çox ciddi hərbi hazırlıqların getdiyi, Ermənistanın hərbi qüvvələrini təmas xəttində, dövlət sərhədində cəmləşdirdiyi müşahidə edilir. “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik" – deyə dövlət başçısı vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının davamlı xarakter aldığına diqqət çəkiən president İlham Əliyev bunu bir neçə amillə əlaqələndirib. Tovuz rayonu istiqamətində Ermənistanla dövlət sərhəddində baş verən təcavüz, Ermənistanın müdafiə nazirinin yeni ərazilər üçün yeni müharibə çağırışı, münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyi bu sırada diqqət çəkən məqamlardır. Nəticə isə danışıqlar prosesinin pozulmasıdır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Onlar yalnız bir məqsədə nail oldular, bu da danışıqların dayanmasıdır. Bütün məsuliyyət Ermənistanın üzərindədir. Onlar danışıqları aparmaq istəmədiklərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə, Xankəndidə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Çünki əks halda o, bu qəbuledilməz və yanlış bəyanatı səsləndirməkdən çəkinərdi.

Ermənistanın danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səylər göstərməsi olub. Hansı ki, həm Azərbaycan, həm də Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməyib. Avqustda təmas xəttində ifşa edilən diversiya qrupunun məqsədi isə mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi qulluqçularımıza hücum etmək idi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək. Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları daxil edirlər. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır.

Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasiminin təşkili də daha bir təxribat idi. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz məskunlaşma siyasəti isə beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Onların bu cür davranmaq imkanında o lmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər.

Dövlət başçısı kəşfiyyat məlumatları əsasında Ermənistanda ciddi hərbi hazırlıqlar getdiyinə, hərbi qüvvələrin təmas xətti və dövlət sərhədinə cəmləşdirildiyinə, Azərbaycanın özünü müdafiə etmək iqtidarında olduğuna diqəət çəkib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm.

Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar qurumun Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmasında maraqlı olduğunu, vəziyyətin necə olduğunu öyrənmək üçün Badıya gəldiyini vurğulayıb.