Müasir bina, fənn kabinetləri, laboratoriyalar, daha nələr, nələr. Bu, Tovuzun Aşağı Öysüzlü kənd məktəbində oxuyan və dərs deyənlərin arzusudur desək, heç də yanılmarıq. Yenilənən məktəbləri görüb köks ötürənlər qəzalı binada və şəraitsiz otaqlarda təhsil ilini başlayıblar. Amma sonadək yekunlaşdırmağa imkan verib-verməyəcəyini dəqiq söyləmək olmur. Tikilinin vəziyyəti bunu diktə edir.
İki mindən çox əhalisi olan Aşağı Öysüzlü kəndindəki tam orta məktəbinin 300-ə yaxın şagirdi var. 50 yaxın müəllim də tikilinin şəraitsiz otaqlarında dərs deməyin çətinliyini yaşayır.
Artıq bir neçə ildir ölkə ərazisində yeni dərs ili başlayıb. Ancaq bu sözləri Tovuz rayonunun Aşağı Öysüzlü kəndinə şamil etmək olmaz. Səbəb isə göz önündədir. Sinif otaqları qəzalı vəziyyətdə odluğundan valideynlər övladlarını məktəbə buraxmırlar.
Sücayət Əliyeva müəllim:Yeni dərs ilinin başlanması hamımızı sevindirir. Amma məktəbə gəlirik özünüz görürsüz artıq burada vəziyyət necədir. Yəni belə bir məktəbdə hansı həvəslə gəlib burada dərs keçəsən.
70-dən çox yaşı olan kənd məktəbinin binasındakı iri çatlar, sinif otaqlarında tədrisi həyata keçirməyə imkan verməyən yarasız inventarlar vəziyyətin ciddiliyindən xəbər verir.
Görün nə vəziyyətdir döşəmə yamaq-yamaqdır. Şagird yazı yazmağa çıxanda ətəyi stola keçir, ayağı da döşəməyə girir. Yəni tamamilə bərbaddır. Məktəb uçub dağılıb gedir.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyətlə əlaqədər olaraq valideynlər ətraf ərazilərdə yeni məktəb axtarışındadırlar. Bəziləri yaxın olduğundan rayon mərkəzində, bir çoxları isə ətraf kəndlərdə övladlarının təhsilinə üstünlük verirlər. Bu isə vaxt itkisi və əlavə xərc hesabına başa gəlir.
Minayə Əliyeva sakin:Bax bura bir dənə uşaq qoyulası deyil. Hər dəqiqəsi uçur. Mənim üç övladım var. Üçünü də mən məktəbə qorxumdan göndərə bilmirəm. Çünki uçsa?
Qiymət Hüseynova sakin: Vallah kimin imkanı var uşaqlarını aparır yaxşı məktəblərə qoyur. Şəxsən mənim imkanım yoxdur. Pensiya ilə dolanan adamam. Nə atası, nə də anası işləmir. Mən taksi ilə uşağı nə qədər yollayım. İmkanım yoxdur.
Ötən müddət ərzində sakinlər tərəfindən müxtəlif instansiyalara edilən müraciətlər yalnız kargüzarlıqdan başqa bir şey olmayıb. Vaxtı ilə məktəbin məzunu olan yerli sakinlər kənddə yeni məktəb biansının inşasını səbirsizliklə gözləyirlər.
Ziyəddin Hüseynov sakin: Dəfələrlə rayon rəhbrəliyindən xahiş etmişik ki, bu məktəbdə dərs keçmək təhlükəlidir. Döşəmənin yarıqlarına uşaqlarımızın qıçası düşür, sınma təhlükəsi yaranır. Dəfələrlə belə hadisələr olub. Binaların hörükləri çatdı. Arasından külək gəlir. Qışda isidilmir. Tavandan beton az qalır uşaqların başına tökülə.
Məktəb rəhbərliyi də yerli sakinlərlə həmfikirdir. Qəzalı məktəb biansı şagirdlərin sayının ilbəil azalmasına səbəb olur.
Rahilə Hüseynova məktəb direktoru:Yaxşı oxuyan şagirdlərimiz şəraiti olan məktəblərə gedir. Məsələn Tusi və Puşkin məktəbinə və yaxud da digər məktəblərə gedirlər. Bizim yaxşı nəticələrimiz həmişə olub. Bizim məktəb ənənəvi məktəb olub.
Tovuzda qəzalı vəziyyətdə olan tək Aşağı Öysüzlü kənd tam orta məktəbi deyil. Hazırda rayonda 11 məktəbdə dərs keçmək təhlükəlidir. Onların hər biri barədə aidiyyatı orqanlara məlumat verilib.
Fikrət Tağıyev Tovuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi:Artıq yuxarı orqanlar qarşısında məsələ qaldırılıb. Məktəbin tikisntisinin aparılması istqamətində lazımı sənədləşmə və hazırlıq işləri getməkdədir. Çox güman bu məsələ həll olunacaq və bizim oradakı valideynlərimiz, eləcə də uşaqlar yeni məktəbdən lazımınca yararlanacaqlar.
Tovuz rayonunda ümumilikdə 84 təhsil ocağı var. Onlardan 6-sı bu dərs ilinin əvvəlində yenilənərək şagird və müəllimlərin ixtiyarına verilib.
- Baxış: 521