• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2402
— 16.09.2020 16:15

Açıq havada məşqlərin çətinliyi

KepezTV Player

Koronavirus pandemiyasına görə karantin rejiminin yumşaldılmasına ən çox sevinənlər bəlkə də idmançılar və onların məşqçiləri oldu. Açıq havada idman oyunlarına və yarışlarına qoyulan qadağanın aradan qalxması idman sahəsində fəaliyyət göstərənlərin yolunu məşqlərə açdı. Bəs görəsən açıq səma altında keçirilən məşqlər effektivdir? Belə məşqlər zaldakı hazırlığın yerini verir? Azad Rəfi qarşıdakı sujetdə bu suallara cavab tapmağa çalışıb.

Karantinin ən sərt dövründə məşqçilər müasir texnologiyaların imkanlarından yararlanmaqla yetirmələri üçün onlayn məşqlər keçir, idmançılar ev şəraitində verilən tapşırıqları yerinə yetirirdilər. Bu, vəziyyətdən çıxış yolu olmasa da, müəyyən mənada fiziki formanı qorumaq üçün əlverişli üsul idi. Daha sonra karantinin yumşaldılması ilə Gənclər və idman nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin, eləcə də digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları istifadəyə verildi. Bu mənada parklarda da idmanla məşğul olmağa məhdudiyyət yoxdur. Elə məşqçilərin əksəriyyəti yetirmələri ilə yaşıl zonada hazırlıq keçməyə üstünlük verir. Təmirsiz, tozlu, idman üçün uyğun olmayan zallarda məşq etməkdənsə təmiz havada çalışmaq daha yaxşı ola bilər. Amma bəzi idman növləri üçün zalı məşqləri əvəzsizdir. Bu planda güləşlə yanaşı, cüdonun da adını çəkə bilərik.

Gəncə cüdosunda perspektivli məşqçilərdən sayılan Araz Bəşirov da həmkarları kimi düşünənlər sırasındadı. Gənc olsa da, yetirmələri müxtəlif səviyyəli yarışların, o cümlədən dünya və Avropa birinciliklərinin iştirakçısı və mükafatçısı olub. Bəşirov zalsız qalsalar da, idmançılar üçün mümkün şəraitdə ən yaxşısını etməyə çalışdıqlarını bildirib.

Mütəxəssislər kimi idmançılar da səbrsizliklə zala qayıdacaqları, tatami üzərinə çıxacaqları günü gözləyirlər.

Covid-19 ilə bağlı ölkəmizdə mart ayından bütün idman növləri üzrə zal məşqləri dayandırılıb. Yalnız müəyyən prosedurları yerinə yetirməklə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya komplekslərində məşq etmələrinə icazə verilib.