• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 01.09.2020 18:41

Dərsliklər paylanılır

KepezTV Player

Yeni tədris ili üçün ümumtəhsil müəssisələrinə dərsliklərin verilməsi prosesi davam edir. Bu günlərdə Gəncə və Göygölün orta məktəblərində nəşrlərin şagirdlərin istifadəsinə təqdim edilməsinə başlanılacaq.

Gəncədə yeni tədris ilində 46 orta məktəb və 3 internat tipli gimnaziyada ümumilikdə 42 minə yaxın şagird təhsil alacaq. Onlardan 7800-i rus bölməsində oxuyanlardır. Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ili üçün Gəncənin ümumtəhsil məktəblərinə Azərbaycan və rus bölməsi üçün ümumilikdə  263 750 dərslik göndərilib. Hər iki bölmə üzrə 1, 5 və 9-cu siniflərin dərslikləri tam olaraq yenilənib. Orta məktəblərə nəşrlər təyin olunan qrafiklə mərkəzləşmiş qaydada sosial qaydalara uyğun şəkildə verilir.

Elşən Məmmədov Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi: Karanavirus ilə əlaqədar olaraq dərsliklərin paylanmasında da əvvəlcədən nəzərdə tutulmuş qrafiklər göndərilib. Bir saatlıq intervalla məktəblər dərslikləri götürür. Burda da sanitarepidemioloji vəziyyətə tam nəzarət olunur. Ara məsafəsi, maska hamısına tam riayət olunur.

Sevil Vəliyeva kitabxanaçı: Mən Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziyanın kitabxanaçısıyam. Bu gün orta məktəb şagirdlərinin kitablarını götürmək üçün gəlmişik. Sosial mədafəni qoruyuruq. Kitabları yüksək səviyyədə verirlər.

Göygöl rayonunun 51 orta məktəbinin 11 mindən artıq şagirdi üçün isə 43 min 28 yeni dərslik göndərilib. Nəşrlər ümumtəhsil müəssisələrinin kitabxanalarına təqdim edilir. Rayon mərkəzi və yaxın kəndlər üzrə proses yekunlaşıb. Hazırda nəşrləri qəbul edən orta məktəblərdə yeni dərs vəsaitlərinin çeşidlənməsi və möhürlənməsi işi gedir. Bir neçə günə ucqar kəndlərin şagirdləri üşün də dərsliklərin verilməsi başa çatacaq.

Pərvanə Həsənova kitabxanaçı: Mən Göygöl rayon Nadel kənd orta məktəbin kitabxanaçısıyam. Bu gün gəldim kitabları götürməyə, çox sağ olsunlar. Kitablar da hamısı öz yerində minnətdaram.

Təhsil Nazirinin əmrinə əsasən, dərs vəsaitlərinin orta məktəb kitabxanalarından şagirdlərə paylanılması sentyabrın 6-na kimi başa çatmalıdır.

Elnur Vahidoğlu