• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 01.09.2020 18:36

Yeni qaydalarla yaşam

KepezTV Player

Gəncə artıq iki gündür yeni həyata başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 10 şəhər və rayon, o cümlədən Gəncə sərt karantin rejimi zonasından çıxıb. Bununla da bir neçə aydır davam edən məhdudiyyətlərin müəyyən hissəsi aradan qaldırılıb.

Ölkədə koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə sərt karantin rejimi tətbiq olunan ilk ərazilərin sırasında Gəncə də olub. Qərb bölgəsinin digər rayonlarından Samux, Göygöl və Goranboyda da müəyyən vaxtlarda xüsusi məhdudiyyətlər tətbiq edilib. Vətəndaşların məsuliyyətli davranışı, qaydalara əməl edilməsi sayəsində ümumi ölkə üzrə virusa yoluxma sayında azalma tendensiyası müşahidə edilib və bu müsbət dəyişiklik qərb bölgəsində də qeydə alınıb. Nəticədə Cəlilabad, Masallı, Mingəçevir, Yevlax, Bərdə, Xaçmaz, Salyanla yanaşı Gəncə, Göygöl və Goranboy da narıncı zonanı sarıya dəyişib. Bu isə müəyyən yumşalmalar deməkdir.

Narıncı zona olduğu dövrdə Gəncəni ətraf rayonlarla birləşdirən yolların üzərində giriş-çıxışı məhdudlaşdıran stasionar postlar qurulmuşdu. Və bu postlarda keçirilən yoxlamalar zamanı müvafiq icazə sənədi olanlar hərəkəti irəliyə doğru davam etdirmək imkanı qazanırdılar. Artıq dünəndən postlar ləğv olunub.

Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, yas və toy mərasimlərinin, kütləvi tədbirlərin təşkili ilə bağlı qadağalar qüvvədədir. İctimai iaşə müəssisələrinin fəaliyyətində isə dəyişikliklər var.

Yeni qərardan sonra Gəncə küçələrində həftəsonları ictimai nəqliyyatın hərəkəti də bərpa olunacaq. Polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparmaqla karantin rejimi tələblərinin icrasına nəzarəti davam etdirəcəklər.Daha böyük yumşalmaların tətbiqi üçün isə bizdən sadəcə maska taxılması, məsafə saxlanması, dezinfeksiya vasitələrindən istifadə kimi qaydalara əməl etmək tələb olunur.