Ölkə ərazisində karantin rejiminin tətbiq olunması ilə əlaqədər ümumi təhsil pilləsində təhsilalanların məktəbdaxili qiymətləndirilməsi müvəqqəti qaydalarla aparılır. Həmin qaydalara əsasən, illik qiyməti “2” olan, müxtəlif səbəblərdən biliyi qiymətləndirilməyən və illik qiymətləri ilə razılaşmayan şagirdlərə yay-tədris tapşırığı verilməklə illik qiymətinin çıxardılması nəzərdə tutulub. Samux rayonunun İnstitut qəsəbəsində də yay tapşırığı alan şagirdlərin qiymətləndirilməsi prosesi təşkil edilib. İmtahanlar karantin rejiminin tələblərinə uyğun olaraq açıq havada keçirilib. Hər bir fənn üçün 30 dəqiqə vaxt verilib. İmtahan sualları məktəbin pedoqoji kollektivi tərəfindən hazırlanıb. Prosesə Samux Rayon Təhsil Şöbəsi tərəfindən yaradılan xüsusi komissiya nəzarət edib.
Vüsal Cəfərov - Samux Rayon Təhsil Şöbəsinin müdir müavini: Bu gün Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində daxili qiymətləndirmə keçirilir. Qiymətləndirmədə 19 nəfər şagird iştirak edir. Onlardan 9 nəfəri illik qiyməti “2” olan, 10 nəfəri isə müxtəlif fənnlərdən 3 və 4 qiyməti alan və daha yüksək qiymət almaq istəyən şagirdlərdir.
- Baxış: 1029