• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3071
— 25.08.2020 20:37

Asiyadan ilk medal

KepezTV Player

Gəncə məktəblisi ilk dəfə olaraq Asiya ölkələri arasında informatika fənni üzrə keçirilən beynəlxalq olimpiadada medal qazanıb. Bu, 11-ci sinif şagirdi olan Əziz Hüseynovun indiyədək qazandığı 10-cu medaldır. Həmin mükafatlardan 5-i ölkə hüdudlarından kənarda əldə edilib. Hüseynov uğurlarının davamını gətirmək üçün sentyabrın sonunda keçiriləcək daha bir beynəlxalq olimpiadaya hazırlaşır.

Əziz Hüseynov Gəncə şəhər  Məşədi Əzizbəyov adına 15 nömrəli orta məktəbin şagirdidir. İnformatikaya böyük maraq göstərən Hüseynov ilk dəfə 7-ci sinifdə oxuyarkən Respublika fənn olimpiadasına qatılıb və qızıl medal qazanıb. Əzizin bu uğuru ondan sonrakı illərdə də davam və hər il informatika fənni üzrə ölkə birincisi olub. Əziz həmçinin müxtəlif illərdə Sloveniya, Bolqarıstan, Qazaxıstan, ABŞ kimi ölkələrdə keçirilən olimpidalarda iştirak edib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu il isə avqustun 15-də İndoneziyanın paytaxtı Cakartada Asiya ölkələrindən olan 150-ə yaxın şagird arasında keçirilən informatika fənni üzrə olimpidanın bürünc medalını qazanıb.

Əziz Hüseynov beynəlxalq olimpiadanın mükafatçısı:Normalda olimpiada iki gün olur. Ancaq onlayn şəkildə keçirildiyi üçün bir gün keçirdilər. Gün ərzində 5 saat müddətində 3 sual vermişdilər. Bu suallardan tam bal almaq çox çətin olduğu üçün məsləhət görülmür çox çalışaq. Ona görədə hərəsindən təqribən 50 bal alaraq medala layiq görüldüm. Əsasən valideyinlərimə və müəllimlərimə təşəkkür etmək istəyirəm. Bu yolda mənə köməklik etdilər.

Əziz Hüseynovun bu uğuru Şəhər Təhsil İdarəsi tərəfindən yüksək qiymətləndirilib. Əzizin arzusu isə ABŞ, yaxud Cənubi Koreyada təhsil almaq və gələcəkdə savadlı kompüter mütəxəssisi kimi ölkəmizdə çalışmaqdır. Respublika olimpiadalarına gəlincə, bu yarışlar 9-11-ci siniflər arasında 8 fənn üzrə keçirilir. Gəncədə 2019-2020-ci tədris ilində şəhər turunda iştirak edən 1000 şagirddən ən güclüləri zona mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdən keçənlər isə biliklərini respublika turunda sınamaq imkanı qazanıblar. Bu il Gəncə məktəbliləri respublika olimpiadasında 3 qızıl, 2 gümüş və  5 bürünc medal qazanaraq bu nəticə ilə ölkə dördüncüsü olublar. Qarşıda duran əsas vəzifə isə daha böyük uğurlar qazanmaqdır.

Anar Qədiməliyev Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Bu il tapşırıq ondan ibarət olacaq ki, diaqnostik qiymətləndirmə aparılsın, müvafiq bilik və bacarığı olan, xüsusi istedada malik olan uşaqlar müəyyən edilsin, onlarla müvafiq fənn üzrə dərslər keçilsin. Onların resursları olmadı təqdirdə biz Bakıdan və xarici ölkələrdən mütəxəsislərə müraciət edəcəyik ki, onlarla onlayn görüşlər təşkil edilsin, müvafiq proqramlar təqdim olunsun.

Yeni tədris ilindən Gəncənin 5 ümumtəhsil məktəbində olimpiada mərkəzi də yaradılacaq. Artıq həmin məktəblərin seçiminə başlanılıb.

Elnur Vahidoğlu